İranda Azərbaycan dilində yeni telekanal açılır

İranda Azərbaycan dilində yeni telekanal açılır İran bu kanalın “Azerspace-1” peyki üzərindən yayımlanmasını istəyir
İKT
14 May , 2015 09:48
İranda Azərbaycan dilində yeni telekanal açılır

Bakı. 14 may. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) İranın Radio və Televiziya Təşkilatının xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgərinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov ölkələr arasında bütün sahələrdə, o cümlədən İKT sahəsində yüksək səviyyədə qurulan ikitərəfli əlaqələrin ilbəil möhkəmləndiyini bildirib.

Tərəflər arasında əməkdaşlığın növbəti inkişaf mərhələsinə qədəm qoyduğunu, bu inkişafda radio-televiziya yayımı sahəsinin də öz yeri olduğunu qeyd edən İ.Məmmədov bu istiqamətdə İran Radio və Televiziya Təşkilatı ilə aparılan işlər və keçirilən görüşlərdən, bu görüşlərin qarşılıqlı razılıq doğuran nəticələrindən söz açıb.

M.Əxgəri də iki ölkə arasında münasibətlərin daha da yaxınlaşdığını vurğulayaraq, bu əməkdaşlığın davam etdirilməsinin qarşılıqlı maraqlara söykəndiyini qeyd edib. İran Radio və Televiziya Təşkilatının fəaliyyət istiqamətlərindən, yayımlanan radio və televiziya kanallarından da danışan qonaq, mayın 24-də İranda fasiləsiz işləyən Azərbaycan dilində yeni kanalın fəaliyyətə başlayacağını, bu kanalın Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” üzərindən yayımlanmasının arzuolunan olduğunu nəzərə çatdırıb.

Daha sonra görüşdə radio-televiziya yayımı sahəsində mövcud münasibətlər, o cümlədən analoq yayımın tamamilə dayandırılaraq tərəflərin rəqəmli yayıma keçidi və s. məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi