Bakı. 19 may. REPORT.AZ/ “AG Telecom” şirkəti (“KaTV1” ticarət nişanı) məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulan “Məktəbli” TV-paketini təqdim edib. Şirkətdən “Report”a bildirilib ki, yeni TV-paketə uşaq və yeniyetmələr üçün nəzərdə tutulan təhsil, maarifləndirici və əyləncəli telekanal daxil edilib.
“Məktəbli” TV-paketinin tətbiqi Azərbaycanın teleməkanı üçün mühüm bir hadisə olmaqla yanaşı, həm də uşaqların diqqətini onların yaş həddi üçün nəzərdə tutulan telekontent üzərində cəmləşdirməyə imkan verəcək.
Eyni zamanda, “KaTV1” “Məktəbli” TV-paketinə pulsuz abunəlik kampaniyasına da start verib. Şirkətin hər bir mövcud və ya yeni qoşulan abunəçisi HD-qəbuledici, yaxud CAM-modul aldıqda “Məktəbli” TV-paketinə birillik pulsuz abunəlik əldə edəcək.
Sözügedən aksiyanın əsas məqsədi dövlət strategiyası çərçivəsində əhalinin rəqəmli yayıma keçməsini stimullaşdırmaqdır. Aksiya sentyabrın 31-dək davam edəcək.
Qeyd edək ki, “KaTV1” şirkəti 100 rəqəmli və əlavə 20-dək HD telekanalını izləməyə imkan verir.