Yuxarı

"iPhone 7" smartfonunun detalları açıqlanıb

Şirkət bu modeldə ənənəvi iPhone dizaynını tamam dəyişib

Bakı. 24 iyun. REPORT.AZ/ Bu ilin sentyabr ayında “Apple” şirkəti "iPhone" smartfonlarının yeni modelinin təqdimatını keçirəcək. Onun "iPhone 7” və ya “iPhone 6S” adlandırılacağı gözlənilir.

“Report” bildirir ki, “iPhone 7”də ekran, kamera, prosessor və telefonu əhatə edən metal da daxil olmaqla bir çox xüsusiyyət yenilənəcək. Şirkət həmişəki ənənəsinə uyğun olaraq təqdimatı sentyabr ayının hər hansı çərşənbə günündə gerçəkləşdirəcək.

“Apple” ilk dəfə iki fərqli, 4,7 düymlük “iPhone 6” və 5,5 düymlük “iPhone 6 Plus” ekran ölçüsünü “iPhone 6” modelləri ilə istifadəçilərinə təqdim edib. “iPhone 7” modelində bu ənənə dəyişməyəcək və 4,7 düym və 5,5 düymlük ekran ölçüləri istifadəçilərə təqdim olunacaq.

Şirkət ən yüngül ağıllı saat - “Apple Watch” idman saatının alüminium gövdəsini “iPhone 7” modelində də istifadə edəcək. Bu da yeni "iPhone"a həm əlavə bir yüngüllük, həm də davamlılıq gətirəcək. Bununla yanaşı telefon yerə düşsə, əyilmə təhlükəsi də böyükdür.

"Apple"in son aldığı patentə əsasən, “home” düyməsi ləğv olunur. Yəni, “iPhone 7”nin ön tərəfi düz olacaq. “Home” düyməsinin yerində isə xüsusi bir sensor olacaq və düymənin funksiyasını bu sensor yerinə yetirəcək. Barmaq izi skaneri də bu bölgədə gizlənəcək.

İlkin açıqlamalara görə, “iPhone 7” modelinin dizaynı daha yaxşı olacaq. Bunun səbəbi isə ümumi dizaynın tamam dəyişməsidir. “Home” düyməsinin gizlədilməsi də telefonun ölçüsünün böyüməsi ilə əlaqədardır. Məlumatlara görə, “iPhone 7” əvvəlki modeldən 0,15 mm daha uzun, 0,2 mm daha qalın olacaq, amma bu dəyişiklik çox da hiss olunmayacaq.

Eyni zamanda, hazırda arxa kameranın "iPhone 6”da olduğu kimi 8 mpix saxlanılması və ya 12 mpix-ə qədər artırılması məsələsi müzakirə olunur. Bununla yanaşı, ön kameranın 5 mpix-ə qədər gücləndirilməsi mümkündür.

Qeyd edək ki, “iPhone 7” ilə istifadəçilərə təqdim olunacaq yeniliklərin başında “force touch” texnologiyası var. Yəni, ekrana bir az daha güclü basmaqla istifadəçilər fərqli bir funksiyadan istifadə edə biləcəklər. Məsələn istifadəçi xəritədə bir yeri işarələmək istəyirsə, bu vəziyyətdə ekrana güclü basmaqla bu işi avtomatik yerinə yetirmiş olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi