Yuxarı

IBM Korporasiyası Bakıda ofis açıb

IBM Korporasiyasının inkişaf edən ölkələr üzrə baş direktoru Eray Yüksək: Azərbaycan regionda ən sürətlə inkişaf edən bazarlardan biridir

Bakı. 5 mart. REPORT.AZ/ Bu gün IBM Korporasiyası Bakıda yeni ofisinin açıldığını rəsmən elan edib. Müştəri və tərəfdaş ekosisteminə qabaqcıl xidmətlər göstərərək regionda fəaliyyətin genişləndirilməsi IBM-in dünya üzrə inkişaf etməkdə olan bazarlarda mövqeyinin möhkəmlənməsinə yönəlmiş təşəbbüsünün bir hissəsidir. Yeni ofis müştərilərə bulud texnologiyaları, analitika, mobil və sosial texnologiyaların mənimsənilməsi ilə bağlı xidmətlər göstərəcək.

"Report"un verdiyi xəbərə görə, IBM-in inkişaf edən ölkələr üzrə baş direktoru Eray Yüksək bildirib ki, Korporasiya inkişaf etməkdə olan bazarlarda fəaliyyətinin genişlənməsinə xüsusi diqqət yetirir: "Yüksək inkişaf tempinə və rəqabət qabiliyyətinə malik bazarların yaratdığı imkanların əhəmiyyətini biz çox yaxşı anlayırıq. Fəaliyyətimizin regional əhatəsinin genişləndirilməsi strategiyası uğurla həyata keçirilir və uzunmüddətli xarakter daşıyır. Bu işdə Azərbaycan bizim üçün hakim mövqedə qərarlaşıb. 2020-ci ilədək dayanıqlı və çoxşaxəli iqtisadiyyatın inkişafına yönəlmiş milli iqtisadi siyasətin nəticəsi olaraq, Azərbaycan regionda ən sürətlə inkişaf edən bazarlardan biridir".

IBM-in Azərbaycan üzrə baş direktoru İlya Kravtsov isə deyib ki, islahatlı iqtisadi inkişaf nəticəsində Azərbaycanda qabaqcıl texnologiyalara tələb artır.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tədbirdə çıxış edib. Bu ofisin açılması və fəaliyyət göstərməsinin ölkənin İKT sektoruna xarici investisiyaların cəlb edilməsi üzrə milli strategiyanın keçirilməsinə yardımçı olacağını qeyd edən nazir müavini bildirib ki, bu, yerli və xarici şirkətlərlə əməkdaşlığın genişləndirilməsinə və gələcəkdə möhkəmlənməsinə töhfə verəcək: "Azərbaycanda "Gələcəyə baxış 2020" Dövlət Konsepsiyasının əsas hədəflərindən biri də İKT sektorunun inkişafından ibarətdir. Son dövrlər ölkədə qəbul edilən qərarlar da bunu bir daha göstərir. IBM şirkətinin fəaliyyəti ölkədə keçirilən İKT siyasətinə təkan verəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi