I Avropa Oyunlarına hazırlıq dövründə mobil rabitə xidmətləri üzrə aparılan monitorinqin nəticələri açıqlanıb

I Avropa Oyunlarına hazırlıq dövründə mobil rabitə xidmətləri üzrə aparılan monitorinqin nəticələri açıqlanıb "Azercell”, “Bakcell” və “Nar” mobil operatorlarının fəaliyyətində bir sıra çatışmazlıqların olduğu da müəyyənləşdirilib
İKT
1 İyun , 2015 20:58
I Avropa Oyunlarına hazırlıq dövründə mobil rabitə xidmətləri üzrə aparılan monitorinqin nəticələri açıqlanıb

Bakı. 1 iyun. REPORT.AZ/ “Bakı 2015” I Avropa Oyunlarına hazırlıqla əlaqədar istifadəçilərin yüksəkkeyfiyyətli mobil telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə respublikamızda fəaliyyət göstərən mobil rabitə operatorlarının xidmət keyfiyyətinin monitorinqi aparılıb.

“Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) məlumatına istinadən bildirir ki, monitorinq nazirliyin sifarişinə əsasən ABŞ-ın bu sahədə ixtisaslaşmış “Global Wireless Solutions” şirkəti tərəfindən həyata keçirilib.

Test işlərinin aparılmasına aprel ayının əvvəlindən başlanaraq may ayının 14-dək davam etdirilib. Bakı şəhəri ərazisində, o cümlədən yarışların keçiriləcəyi idman komplekslərində, insanların çox toplaşdığı müxtəlif məkanlar üzrə mövcud daxili şəbəkələrdə, Bakı və Mingəçevir şəhərləri arasında magistral avtomobil yollarında aparılan test işləri əsasən şəbəkələrin əhatə dairəsi, şəbəkəyə giriş imkanlığı və xidmətlərin dayanıqlığı, səs və paket tipli məlumat mübadiləsinin təhlil olunması, birgə şəbəkə analizinin aparılması, eyni zamanda GSM, UMTS/HSDPA, LTE texnologiyaları üzrə istifadəçilərə göstərilən xidmət səviyyəsi ölçülüb və yekun hesabat hazırlanıb.

Alınan nəticələrə görə, respublikanın mobil rabitə şəbəkəsinin və göstərilən xidmətlərin keyfiyyəti ümumilikdə qənaətbəxş hesab edilib. Səs mübadiləsi üzrə əldə olunan məlumatlar beynəlxalq səviyyə ilə müqayisə edilib və müəyyən edilib ki, operatorların bu imkanları orta hesabla 98%, şəbəkənin etibarlılığı isə 96% təmin olunub.

Bakı şəhərində, eləcə də Mingəçevir şəhərində şəbəkəyə çıxış imkanı və şəbəkənin etibarlılığı məqbul səviyyədədir. Test işləri vaxtı sinxron səs, məlumatların yüklənməsi, şəbəkənin gücü üzrə də yoxlamalar aparılıb və nəticə operatorlar üzrə müqayisə edilib.

Bununla belə, “Azercell”, “Bakcell” və “Nar” mobil operatorlarının fəaliyyətində bir sıra çatışmazlıqların olduğu da müəyyənləşdirilib. “Gəzinti testi” (Walk Test), “Nəqliyyat testi” (İn-Vehicle) və “Qapalı məkan testi” (İnBuildinq Test) zamanı şəbəkədəki mövcud səs, məlumat ötürmə, danışıqlardakı kəsintilər, zənglərin çağrı müddətləri, əhatə dairəsi, keyfiyyət göstəriciləri üzrə bir sıra çatışmazlıqlar qeydə alınıb.

Monitorinqin nəticələri hər 3 mobil operatorun nümayəndələrinin iştirakı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində geniş müzakirə edilib, hesabatda qeyd olunan texniki problemlərin qısa müddət ərzində aradan qaldırılması üçün mobil operatorlara müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi