"Enginet" şirkəti tariflərində dəyişiklik etməyəcək

"Enginet" şirkəti tariflərində dəyişiklik etməyəcək Şirkət "Sazz" və "Bakcell" ilə əməkdaşlıqda yeni xidmətlərin tətbiqinə hazırlaşır
İKT
5 Fevral , 2016 14:30
Enginet şirkəti tariflərində dəyişiklik etməyəcək

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanın “Enginet” şirkəti göstərdiyi xidmətlərin mövcud qiymətlərində dəyişiklik etməyəcək. Bu barədə “Report”a açıqlamasında şirkətin marketinq və satış meneceri Elmira Abbasova məlumat verib.

E.Abbasova bildirib ki, ötən ilin sonunda Azərbaycanda həyata keçirilən devalvasiya ilə bağlı şirkət qiymət dəyişikliyi etməyi planlaşdırmır: “Mövcud tariflər olduğu kimi qalacaq. Bu tarif və ya paketlərdə (ADSL, fiziki şəxslər, biznes (korporativ), optik birləşmə (FTTH) dəyişiklik etməyi düşünmürük. Şəbəkəmizə ödənişsiz qoşulma işlərini yenə də davam etdiririk. Azərbaycanda internet xidməti bazarında kifayət qədər ciddi rəqabətin və iqtisadi vəziyyətin çətin olduğunu nəzərə alan şirkətimizin rəhbərliyi hazırda bütün diqqətini yüksək keyfiyyətli xidmətin təqdim olunması məsələlərinə yönəldib. Keçid dövründə şirkət təqdim etdiyi xidmətə zərər yetirməmək üçün avadanlıq və internet trafikinə qənaət etmir”.

E.Abbasova qeyd edib ki, “Enginet” ötən il Azərbaycanda ilk olaraq uşaqlar üçün “Filtrasiyalı internet” xidmətini təqdim edib: “Bu xidmət valideynlərə övladlarının pornoqrafik məzmunlu saytlara və ya zorakılığı təbliğ edən səhifələrə, böyüklər üçün nəzərdə tutulan çatlara daxil olacaqlarından narahat olmadan kompyuterin qarşısında sərbəst buraxmağa imkan verir. Eyni zamanda, şirkətimiz abunəçilərə kabelli İP TV xidmətləri göstərir. Peyk sisteminə nisbətən kabel televiziyası daha əlyetərlidir və geniş kanal seçimi olmasına baxmayaraq, digərlərinə nisbətən daha sabit yayım keyfiyyətini təmin edir. İP TV-ni izləmək üçün televizorda videoməlumatları dekodlaşdıran və alınan görüntünü ekranda əks etdirən xüsusi qurğudan istifadə olunur. “Enginet”in rəqəmsal TV-si bütün yaş hədləri və zövqlər üçün nəzərdə tutulan televiziyadır”.

Menecer vurğulayıb ki, şirkət bu il “Sazz” və “Bakcell” şirkətləri ilə birgə xidmətlər həyata keçirməyi planlaşdırır: “Azərbaycanın ilk mobil rabitə operatoru və “Sazz”la birgə tədqiqat mərhələsində olan daha bir neçə xidmətlər tətbiq edəcəyik. Bütün hazırlıq işləri tamamlandıqdan sonra bu haqda ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Məlumat üçün qeyd edək ki, “Enginet” şirkəti Azərbaycan bazarının telekommunikasiya və inteqrasiya sahəsində 2009-cu ildən fəaliyyət göstərir. Şirkətin əsas inkişaf istiqamətləri - infokommunikasiya infrastrukturu, məlumat təhlükəsizliyi sistemləri, enerji və mühəndis sistemləri, iri müəssisə miqyaslı platformaların tətbiqi, inkişafı və autsorsinq üzrə ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsidir. “Enginet” şirkəti "TriplePlay" (internet, televiziya və telefon) xidmətini tam həcmdə təklif edən ilk yerli şirkətdir.

Son xəbərlər

Orphus sistemi