“Elmi problemlər reyestri” informasiya sistemi və veb-saytı yaradılır

“Elmi problemlər reyestri” informasiya sistemi və veb-saytı yaradılır Tədbirdə RETƏŞ və 16 Elmi problemlər üzrə elmi şuranın veb-saytlarının ilkin variantı nümayiş olunub
İKT
7 Mart , 2016 19:50
“Elmi problemlər reyestri” informasiya sistemi və veb-saytı yaradılır

Bakı. 7 mart. REPORT.AZ/ AMEA Rəyasət Heyətində Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası (RETƏŞ) üçün “Elmi problemlər reyestri” informasiya sisteminin və veb-saytın, o cümlədən Elmi problemlər üzrə elmi şuraların veb-saytlarının yaradılması və istismarı məsələləri müzakirə olunub.

“Report” AMEA İnformasiya Texnologiyaları İnstitutuna istinadən xəbər verir ki, tədbirdə AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdirləri Təhmasib Fətəliyev və Gülnarə Nəbibəyova, eyni zamanda 16 saylı şöbənin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən akademik Rasim Əliquliyev qeyd edib ki, RETƏŞ Azərbaycan elminin inkişaf strategiyasına uyğun yaradılan və əsas respublikada bütün elmi-tədqiqat və ali təhsil müəssisələrində müxtəlif elm sahələri üzrə aparılan fundamental, tətbiqi tədqiqatların əlaqələndirilməsinə, istiqamətləndirilməsinə və həyata keçirilməsinə nəzarət edən səlahiyyətli orqandır: “Bu qurum respublikanın elmi-tədqiqat və ali təhsil müəssisələrində fundamental və tətbiqi tədqiqatların aparılması, sahələrarası kompleks elmi-texniki proqramların işlənilməsinə dair fəaliyyətinin əlaqələndirməsi, elmin və innovativ tərəqqinin yeni istiqamətlərinin müəyyən edilməsi, elmi, texnoloji, sosial-iqtisadi tərəqqinin mühüm problemləri üzrə elmi tədqiqatların aparılmasının təşkilinə və s. xidmət edir. Müasir informasiya texnologiyaları elmi fəaliyyət, onun təşkili və idarə olunması məsələləri üçün geniş imkanlar açıb. İnformasiya əsrində istənilən qurum üçün bu kimi informasiya resurslarının yaradılması və istismarı zəruridir. Bu resurslarda müntəzəm olaraq öz əksini tapan məlumatların analizi ilə elmin idarə olunmasına dəstək verilməsi məqsədi daşıyır”.

Onun sözlərinə görə, informasiya sisteminin yaradılması respublikada fəaliyyət göstərən elmi qurumlarda tədqiq olunan elmi problemlərin vahid reyestrdə saxlanılması baxımından mühüm rol oynayır.

Tədbirdə “Elmi problemlər reyestri” informasiya sisteminin strukturu, giriş informasiya sorğularının məzmunu, toplanması yolları, çıxış hesabat formaları və onların təqdim olunma vasitələri və digər layihələndirmə məsələləri müzakirə olunub.

Daha sonra RETƏŞ və 16 Elmi problemlər üzrə elmi şuranın veb-saytlarının ilkin variantı əyani olaraq nümayiş olunub. “Elmi problemlər reyestri” informasiya sisteminin, layihələndirilən veb-saytların istismarı ilə bağlı fikir mübadiləsi aparılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.

Son xəbərlər

Orphus sistemi