Yuxarı

Elektron Təhlükəsizlik Mərkəzi valideynləri xəbərdar edib

Qurum uşaqların internetdəki təhlükədən qorunması üçün bir sıra tövsiyələr hazırlayıb

Bakı. 1 iyun. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi valideynlərə internetdən düzgün istifadə qaydaları ilə bağlı bir sıra tövsiyələr hazırlayıb. 

Nazirlikdən "Report"a daxil olan məlumatda bildirilir ki, uşaqların daxil olduqları veb-saytlara nəzər salıb, təhlükəli olub-olmadığını valideynlər mütəmadi şəkildə yoxlamalı, internetdəki zərərli veb-saytlar və pisniyyətli şəxslərdən gələ biləcək təhlükələrə qarşı uşaqlar məlumatlandırılmalı, parol olaraq mürəkkəb şifr seçməkdə uşaqlara yaxından köməklik göstərilməlidir.

"Bundan başqa, zərərli məzmunları filtrləyən və təhlükəli saytlara daxil olmanın qarşısını alan filtrləmə proqramlarından istifadə edin. Bu cür proqramlar eyni zamanda uşağınızın daxil olduğu veb-saytları izləməyinizə də kömək edəcək. Uşaqlarınızın internetdə oynadıqları oyunlar haqda məlumatlı olun. Övladlarınızın sizin nəzarətiniz altında internetdən istifadəsinə icazə verin. Onlara sosial şəbəkələr və ya veb-saytlarda tanımadığı insanlarla ünsiyyət qurmalarının təhlükəli ola biləcəyi barədə məlumat verin. Uşaqlarınızla internetdəki söhbətlərə siz də qatılın, kimlərlə söhbət və dostluq etdiklərini müşahidə edin", - deyə müraciətdə qeyd olunub.

"Sosial şəbəkələrdə və ya söhbət (çat) otaqlarında uşaqların fərdi məlumatlarını paylaşmalarının qarşısını alın və təhlükə barədə onları məlumatlandırın", - deyə Nazirliyin məlumatında bildirilir. 

Qeyd edək ki, uşaqların internet təhlükəsizliyinə zərər verə biləcək hər hansı halla qarşılaşdıqda, valideynlər Elektron Təhlükəsizlik Mərkəzinə müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi