Yuxarı

​Ekspertlər: Bu il vaxta əlavə olunan saniyə internetdə ciddi problemlər yarada bilər

Analoji hadisə 2012-ci ildə bir sıra internet saytlarının işində fasilələrə səbəb olub

Bakı. 15 yanvar. REPORT.AZ/ Beynəlxalq Yer Dövretmə Xidməti (International Earth Rotation and Reference System Service - IERS) 2015-ci il iyunun 30-da saat 23:59:59-da əlavə saniyə əlavə etmək barədə qərar qəbul edib.

"Report" Rabitə və Yüksək Texnolgiyalar Nazirliyinə istinadən xəbər verir ki, bu yenilik bir sıra internet resursları, əlavə və əməliyyat sistemlərinin işində fasilələr yarada bilər.

Əlavə saniyə artıq 2012-ci ildə əlavə olunub. Bu, çox xidmət və internet saytları, o cümlədən "Reddit" və "Linkedln" şəbəkələrinin fəaliyyətində problemlər yaradıb. Həmçinin aeroportların dispetçer xidmətləri və aviabiletlərin sifarişi üzrə servislərin işində fasilələrin yaranması qeydə alınıb.

Bu il də oxşar hadisələrin təkrar olunacağı istisna edilmir. Sosial şəbəkələr, bilet sifarişi və digər servislərin işi dayana bilər. Bundan başqa, ekspertlər "MySQL" serverləri, "Java", "Linux" və s. platformaların işində problemlərin yarana biləcəyini istisna etmirlər. Onların belə qənaətə gəlməsinin səbəbi isə bu sistemlərin əlavə vaxt üçün hesablanmamasıdır.

Qeyd edək ki, "Saniyə koordinasiyası" dünya üzrə koordinasiya edilmiş vaxta onun UT1 Günəş şkalası ilə uyğunlaşdırılması üçün əlavə olunan saniyədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi