Yuxarı

Azərbaycanda dövlət orqanlarının informasiya sistemlərinin monitorinqi keçiriləcək

Onların elektron xidmətlərinin optimallaşdırılma imkanları araşdırılacaq

Bakı. 18 iyun. REPORT.AZ/ Bu ilin sentyabr ayından başlayaraq “Elektron Hökumət” portalının operatoru tərəfindən dövlət orqanlarının mülkiyyətində olan informasiya sistemlərinin növbəti monitorinqinin keçirilməsi planlaşdırılır. 

"Report"un "e-Hökumət" portalına istinadən verdiyi xəbərə görə, bununla əlaqədar müvafiq məlumatların əvvəlcədən əldə edilməsi məqsədilə RYTN Məlumat Hesablama Mərkəzi tərəfindən dövlət qurumlarının mülkiyyətində olan informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün anket sorğusu hazırlanaraq müvafiq qurumlara göndərilib.

Artıq 11 dövlət qurumu tərəfindən informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün tərtib olunmuş anket sorğusu cavablandırılıb. Bu, Gənclər və İdman, İqtisadiyyat və Sənaye, Fövqəladə Hallar, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Müəllif Hüquqları Agentliyi, Statistika, Qiymətli Kağızlar, Diasporla İş üzrə Dövlət Komitəsi dövlət komitələridir. 

Qeyd edək ki, monitorinqlər zamanı əsasən informasiya ehtiyatlarının FİN-ə uyğunluğu, fərdi məlumatların mühafizəsinin müəyyən olunmuş tələblərə uyğun təşkili, informasiya ehtiyatlarında məlumatlar bazasının strukturu ilə tanışlıq, bazalararası relativlik prinsiplərinin yoxlanılması, fərdi məlumatların toplanılması və işlənilməsinin mülkiyyətçi və ya operator tərəfindən bəyan edilmiş məqsədlərə uyğunluğu, digər əlaqəli informasiya sistemləri ilə informasiya mübadiləsi üsulları və kateqoriyalarının monitorinqi, informasiya sistemlərinin və ehtiyatlarının portala qoşulması və onların tələblərə uyğunluğunun yoxlanılması, informasiya sisteminin və ehtiyatlarının “Elektron hökumət” portalı ilə əlaqəli olan komponentlərinin tələblərə uyğunluğu, habelə informasiya sisteminin SOAP (Simple Object Access Protocol) vasitəsilə sorğularla işləmə imkanı, dövlət orqanlarının informasiya sistemləri və ehtiyatlarının qarşılıqlı inteqrasiyasının təmin edilməsi məsələləri, dövlət orqanları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılma imkanlarının araşdırılması, qanunvericiliyə uyğun sair aidiyyəti məsələlərin monitorinqinə diqqət yetiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi