Yuxarı

Bu ilin II rübündə internetlə yoluxma riskinə ən çox Azərbaycan istifadəçiləri məruz qalıb

Kaspersky Lab: Bu, dünya üzrə ən yüksək göstərici hesab olunur

Bakı. 25 avqust.REPORT.AZ/ Cari ilin II rübündə Azərbaycandan olan hər üçüncü istifadəçi ən azından bir dəfə veb-təhlükələrlə rastlaşıb və bu, dünya üzrə ən yüksək göstərici hesab olunur. "Report" xəbər verir ki, bu barədə "Kaspersky Lab" şirkəti məlumat yayıb. 

Məlumata görə, internetdə yoluxma riskinə ən çox məruz qalmış istifadəçilər siyahısında Azərbaycan birinci yerdə qərarlaşıb, halbuki ilin əvvəlində dördüncü pillədə olub. İlk öçlükdə, həmçinin Rusiya və Çin yer alıb, Azərbaycan isə bu top üçlükdən Qazaxıstanı sıxışdıraraq çıxarıb. İkinci rübdə orta hesabla Azərbaycandan olan hər bir istifadəçinin payına 10,5 veb-təhlükə düşüb.

Buna baxmayaraq, lokal yoluxma təhlükəsinin yayılma dərəcəsinə görə, aprel-iyun aylarında Azərbaycan heç ilk iyirmilikdə belə yer almayıb. Bu o deməkdir ki, keçən rübdə Azərbaycanda fayllar və portativ yaddaş daşıyıcıları vasitələri ilə kompüteri yoluxdurma riski digər ölkələrlə müqayisədə daha zəif olub.

“Şəbəkədə kibertəhlükələrin sayı hər gün dayanmadan artır, zərərverici proqramlar isə daha da qəlizləşir və güclənir. Səhlənkarlıq və diqqətsizlik göstərərək istifadəçi naməlum linkə daxil olduğu və ya naməlum şəxsin göndərdiyi məktubda əlavəni açdığı zaman öz kompüterinə çoxsaylı zərərvericilərdən birini yükləmə riskinə məruz qalmaqla yanaşı, qiymətli fayllarla məxfi məlumatları risk altına atır. Yeni və hələ geniş yayılmamış təhlükələri müəyyən edən güclü texnologiyaya malik etibarlı müdafiə həll vasitəsilə bu riskləri və onlarla bağlı problemləri aradan qaldırmaq mümkündür”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycan üzrə regional nümayəndəsi Müşviq Məmmədov qeyd edib.

Bu ilin II rübündə dünya üzrə təhlükələrə dair ətraflı məlumat: https://securelist.ru/analysis/malware-quarterly/29062/it-threat-evolution-in-q2-2016-statistics/.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi