Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi "Mentorlarla səhər yeməyi" layihəsinə başlayıb

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi "Mentorlarla səhər yeməyi" layihəsinə başlayıb Bu, gənc startapların dünyagörüşünü artırmaq və onları öz layihələrini uğurla həyata keçirməyə yardımçı olmaq məqsədi daşıyır
İKT
23 Sentyabr , 2017 14:19
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Mentorlarla səhər yeməyi layihəsinə başlayıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi “PAŞA Bank” ASC ilə birlikdə startaplara dəstək məqsədilə daha bir layihə həyata keçirir.

“Report”a daxil olan məlumata görə, bu, gənc startapların dünyagörüşünü artırmaq və onları öz layihələrini uğurla həyata keçirməyə yardımçı olmaq nəzərdə tutulmuş "Mentorlarla səhər yeməyi" layihəsidir.

Belə ki, hər ayın 3-cü cümə günü uğurlu biznes adamları və sahibkarlarla startapların işdən kənar 1,5 saatlıq görüşü təşkil olunacaq. Görüşdə startapların hal-hazırda üzərində işlədikləri layihələr müzakirə olunacaq, eləcə də gələcəkdə reallaşdırılması mümkün olan işlər üçün dəyərli məsləhətlər veriləcək. Görüşdə biznesin idarə olunması, investor və tərəfdaşların aşkar edilməsi, satışların artırılması, əlaqələrin genişləndirilməsi və s. mövzular üzrə müzakirələr də aparılacaq.

Sentyabrın 22-də baş tutan ilk görüşdə “Golden Pay” şirkətinin təsisçisi və İdarə Heyətinin sədri, sahibkar Fərid İsmayılzadə startaplarla öz iş təcrübəsini bölüşüb. F.İsmayılzadə İngilis dilli gimnaziyanı bitirdikdən sonra, Türkiyənin Bilkent Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsilini davam etdirib. 19 yaşında, nümunəvi tələbə kimi San Jose Dövlət Universitetində təhsil alıb. 2007-ci ildə Azərbaycanın ilk onlayn ödəmə şirkətini yaradıb.

Məlumat üçün bildirək ki, Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılmış layihədir. Barama, əsasən, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startupları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 8 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlayıb, onlardan 20-si uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb. 2014-cü ildən başlayaraq Barama öz fəaliyyətini daha üstün səviyyəyə daşıyaraq professional biznes inkubatoru kimi formalaşdırıb və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi adı altında ictimaiyyətə təqdim olunub.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər “Azercell”in xidmətlərini seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Express” ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə “Azercell” ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan “Global Wireless Solutions” şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən, “Azercell” şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. 

Son xəbərlər

Orphus sistemi