Yuxarı

​Bakının telefon kabel sistemi təkmilləşdirilir

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi provayderlərə müraciət edib

Bakı. 25 aprel. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) kabel-kanal sisteminin düzgün istifadəsi və yeni kabel çəkilişini müvəqqəti olaraq məhdudlaşdırmaqla bağlı provayderlərə müraciət edib.

Nazirlikdən “Report”a verilən xəbərə görə, Bakı şəhərində kabel-kanal sistemləri illər əvvəl inşa edilib: "Son zamanlar aparılan araşdırılmalar göstərir ki, yeni kabel-kanal sisteminin tikilməməsi, şəhərin müəyyən yerlərində tikintinin qeyri-mümkün olması, sisteminin uzun illər normativə uyğun düzgün istismar edilməməsi və bir çox digər səbəblər bu resursun gələcək texniki istismarını mümkünsüz edib".

Birliyin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar göstərir ki, paytaxtın kabel-kanal sistemi normadan çox yüklənib. Hazırda BTRİB tərəfindən kabel-kanal sisteminin auditi davam etdirilir. Bundan başqa, kabel-kanal sistemində kabellər səliqəsiz və sıx yerləşdirilib, kabellərin üzərində tanıtım nişanları vurulmayıb, kabellərin montajı normativ tələblərə cavab vermir. Bununla belə, kabellərin bu qaydada montajı qəza zamanı quyuya düşərək uyğun işin aparılmasına imkan vermir.

Kabel-kanalların çox yüklənməsi zədəli kabellərin demontajı zamanı digər kabellərin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini mümkünsüz edir. Bu da quyularda təhlükəsizlik texnikasının tələblərini, yanğın və partlayış təhlükəsizliyinin qarşısının alınmasını təmin etməyə imkan vemir ki, bu da öz növbəsində dövlət əhəmiyyətli rabitənin təminatlı işinə əngəl yaradır.

Bu qanunsuz fəaliyyətə yol verən şəxslərin cəzalandırılması ilə yanaşı, sözügedən nöqsanların aradan qaldırılması istiqamətində də yeni layihələrə start verilib. Nəzərdə tutulan işlərin nəticəsi olaraq bütün norma və tələblərə cavab verən, kəsintisiz, davamlı rabitəni təmin edən, istər dövlət qurumlarının, istərsə də özəl şirkət və təşkilatların inkişafına dəstək vermək məqsədi il kabel-kanal sistemi yaradılacaq.

Qeyd edək ki, hazırda BTRİB-nin balansında və istismarında 16 900 müxtəlif ölçülü quyu, 1 820 km telefon kanalizasiyası və 4 006 km kabel kanalı var. Kabel kanallarında BTRİB-ə məxsus 1 800 km fiber-optik (FO), 13 371 km fiziki (mis) kabel və digər təşkilatlara məxsus 3 500 km müxtəlif tutumlu FO kabeli mövcuddur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi