​Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Çağrı Mərkəzini istifadəyə verib

​Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Çağrı Mərkəzini istifadəyə verib BTRİB: Paytaxt sakinlərinin istifadəsində olan telefon və internet xəttində yaranan bütün problemlər qısa zaman kəsiyində həllini tapacaq
İKT
27 İyul , 2016 16:16
​Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Çağrı Mərkəzini istifadəyə verib

Bakı. 27 iyul. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ( RYTN) Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) abunəçi müraciətlərini operativ şəkildə qəbul edən Çağrı Mərkəzini (Call Center) və şəbəkəyə nəzarəti həyata keçirən Şəbəkə Əməliyyat Mərkəzini (Network Operation Center) istifadəyə verib. RYTN-dən "Report"a daxil olan məlumata görə, Çağrı Mərkəzi Bakı ərazisində xidmət alan abunəçilərə vahid mərkəzdən bütün xidmətlərlə bağlı məlumat almaq imkanı verir. İstifadəçilər 155 nömrəsini yığaraq BTRİB şəbəkəsinə dair istənilən məsələ ilə bağlı müraciət edə bilər. Mərkəzdə abunəçinin sorğusu operativ emal olunaraq birbaşa müvafiq struktur bölmələrinə yönləndirilir.

Mərkəzin fəaliyyətinə sual-cavab bazasının idarə olunması, dəyərləndirmə sisteminin yaradılması, müraciətlərə baxılması prosedurunun sadələşdirilməsi və müddətinin azaldılması üçün fəaliyyət sxemlərinin yaradılması və zənglərin avtomatlaşdırılaraq paylanması funksiyaları daxildir. Həmçinin, Çağrı Mərkəzində göstərilən xidmətlərin icra müddətinə nəzarət sistemi də mövcuddur. Eyni zamanda, Çağrı Mərkəzi vasitəsilə abunəçilər mövcud kampaniyalar və xidmətlər haqqında vaxtaşırı məlumatlandırılacaqlar. 

Qeyd edək ki, əvvəllər abonentlər şikayət, təmir, internet kimi müxtəlif növ müraciətlər üçün fərqli nömrələrlə ayrı-ayrı mərkəzlərə müraciət edirdilər. Bu da xidmətlər arasında koordinasiyada, xidmət keyfiyyətinin müəyyən olunmasında, müştəri məmnunluğu üçün lazımi işlərin aparılmasında çətinliklər yaradırdı.

Şəbəkə Əməliyyat Mərkəzində isə sistem vasitəsi ilə İP, səs, transmissiya şəbəkələrinə və internet trafikə nəzarət etmək mümkündür. Nəzarət mexanizmi yaranan problemlərə anında reaksiya verilməsinə xidmət edir.

Son xəbərlər

Orphus sistemi