Yuxarı

​"Aztelekom" yerli istifadəçilər üçün rouminqə alternativ xidmət təqdim edib

Xidmətin aylıq abunə haqqı isə 20 manatdır

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Aztelekom" MMC-də yeni "Aztelphone" xidmətinin təqdimatı keçirilib. "Aztelekom" MMC-dən “Report”a verilən məlumata görə, ölkədə ilk dəfə yaradılan “Aztelphone” xidməti vasitəsilə Bakı şəhəri və regionlar üzrə abunəçilər stasionar telefon nömrələrini xaricə daşıya biləcəklər.

Məlumata görə, “Aztelphone” xidmətinin özəlliyi ondadır ki, istifadəçi xüsusi proqramla ev və ya xidməti telefon nömrəsini istənilən internet işlədicisinə (smartfon mobil telefonuna, kompüterə, Planşetə və s) yükləməklə daşınan telefon nömrəsində “zənglərin şərtsiz yönləndirməsi” servisini aktivləşdirib istər respublika daxilində, istərsə də xarici ölkədə internet şəbəkəsi olan hər hansı ərazidə daxil olan zəngləri qəbul etmək və yaxud bu nömrədən istənilən istiqamətlərə zəng etmək imkanına malik olur. Bu zaman lokal şəbəkədəki mənzil və ya xidməti telefonlarında olduğu kimi, daşınan nömrədə də istifadə qaydaları və danışıq tarifləri dəyişməz qalır.

Xidmətə qoşulmaq istəyən abunəçilər telekommunikasiya qovşaqlarına müraciət edə bilərlər. Bunun üçün abunəçiyə login və parol verilir. Daha sonra isə abunəçi ona məxsus stasionar telefon nömrəsini bu xidmət üçün ayrılmış nömrəyə yönəltməlidir. Bu əməliyyatdan sonra abunəçinin ev nömrəsi onun mobil qurğusuna (smartfon, planşet və ya kompüter) yazılan "Aztelphone" proqramı vasitəsilə daşınır”.

Məlumatda bildirilir ki, bu xidmətə bütün sabit telefon şəbəkə abunəçiləri qoşula biləcək və xidmətdən bütün növ smartfon istifadəçiləri də yararlanacaqlar. Xidmətin aylıq abunə haqqı isə 20 manatdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi