Yuxarı
    Bağlamaq

    "Azərkosmos” elmi müəssisələrə peykdən təmənnasız təsvirlər verəcək

    ASC bununla Yer səthinin məsafədən müşahidəsi xidmətlərini təşviq edir

    Bakı. 26 may. REPORT.AZ/ “Azərkosmos” ASC “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsinin ikinci mərhələsini elan edib. 

    Cəmiyyətdən "Report"a daxil olan məlumata görə, layihənin keçirilməsində əsas məqsəd “Azersky” peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir.

    Layihə çərçivəsində elmi tədqiqat institutları, universitetlər, elmi tədqiqatla məşğul olan digər qurumlar, həmçinin hüquqi və ya fiziki şəxslər öz təkliflərini təqdim edə bilərlər.

    Təkliflər 2017-ci il iyulun 31-dək qəbul olunacaq.

    “Azərkosmos” ASC cari il sentyabrın 29-dək qalibləri təkliflərindəki tələblərə uyğun olaraq “Azersky” peyki vasitəsi ilə çəkilmiş təsvirlərlə təmənnasız təmin edəcək. Qalib təkliflərin seçimi zamanı layihənin “Azersky”dan alınan məlumatların yaradıcı formada istifadəsi və təklifin icrasının mümkünlüyü, ölkənin davamlı inkişafı naminə elmi təyinatlı olması, innovativlik kimi meyarlar nəzərə alınacaq.

    Layihə barədə ətraflı məlumatı “www.azercosmos.com” internet səhifəsindən və (012) 565 00 55 (daxili 216) nömrəsi ilə əlaqə saxlayaraq almaq olar.

    Qeyd edək ki, “Azersky” peykinin təsvirlərindən elektron kənd təsərrüfatının qurulmasında və kənd təsərrüfatı məhsullarının monitorinqində, xəritəçəkmədə, hasilat, infrastruktur, planlaşdırma və monitorinq işlərində, kadastr məlumatlarının yenilənməsində, dənizdə və quruda neft çirklənmələrinin tədqiqində, eləcə də müdafiə və təhlükəsizlik sahələrində istifadə olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi