Yuxarı
    Bağlamaq

    "Azercell" Tələbə Təqaüd Proqramını davam etdirir

    Şirkətin əməkdaşları Tələbə Təqaüdü Poqramı çərçivəsində tələbələrlə görüşüblər

    Bakı. 2 noyabr. REPORT.AZ/ "Azercell Telecom" MMC-nin əməkdaşları 2008-ci ildən etibarən start verilən Tələbə Təqaüd Proqramı çərçivəsində ölkənin ali məktəblərində təhsil alan tələbələrlə bir sıra görüşlər keçiriblər.

    "Azercell"dən "Report"a daxil olan məlumata görə, şirkət əməkdaşları oktyabr ayı ərzində Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Politexnik İnstitutu, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialında tələbələrlə görüşərək, onları Proqram haqqında məlumatlandırıblar. 

    Tələbələrin diqqətinə çatdırılıb ki, sentyabrın 30-dan etibarən 2016-2017 tədris ili üçün start verilən növbəti Təqaüd Proqramına öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər müraciət edə bilərlər. Tələbə proqramının əsas məqsədi yüksək akademik nəticələrə nail olan ali məktəb tələbələrinə xüsusi diqqət və dəstək göstərmək, güclü potensiala malik tələbələrə təhsil aldıqları ixtisas üzrə mütəxəssis kimi yetişməkdə kömək etməkdir.

    Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər "Azercell" şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alırlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılır. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər.

    Qeyd edək ki, “Azercell” şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 120-dən çox tələbə “Azercell” şirkətinin təqaüdçüsü adına layiq görülüb. Onlar “Azercell”dən təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün təcrübə qazanıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi