"Azercell" Təhsil Nazirliyi ilə anlaşma memorandumu imzalayıb

"Azercell" Təhsil Nazirliyi ilə anlaşma memorandumu imzalayıb Memoranduma əsasən, şirkət təcrübə proqramında SABAH tələbələri üçün hər il xüsusi yerlər ayıracaq
İKT
10 Fevral , 2017 19:09
Azercell Təhsil Nazirliyi ilə anlaşma memorandumu imzalayıb

Bakı. 10 fevral. REPORT.AZ/ Təhsil Nazirliyində Azərbaycanın aparıcı mobil rabitə operatoru "Azercell Telecom" MMC-nin rəsmi tərəfdaşı olduğu SABAH Karyera Akademiyasının təqdimatı baş tutub.

Şirkətdən "Report"a verilən xəbərə görə, SABAH Karyera Akademiyası proqramı ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə hazırlanıb. Proqram çərçivəsində Təhsil Nazirliyi və "Azercell" istedadlı tələbələrin tədrisdən kənar fəaliyyətlərinin səmərəliliyini artırmaq, nəzəri və praktiki baxımdan hərtərəfli hazırlığa malik ali təhsilli gənclər yetişdirmək məqsədilə birgə fəaliyyət göstərirlər.

Təqdimat mərasimində çıxış edən "Azercell"in prezidenti Vahid Mürsəliyev bildirib ki, təmsil etdiyi şirkət Azərbaycanın təhsil sistemindəki yenilənməni, inkişaf tendensiyalarını davamlı olaraq izləyir: “Lakin biz müşahidəçi olmaqla kifayətlənməyib, öz yardımımızı, dəstəyimizi də əsirgəmirik. "Azercell" hər zaman təhsilə dəstək fəaliyyətini sosial məsuliyyət strategiyasının əsas sahəsi olaraq görüb. İstər paytaxtda, istərsə də regionlarda Azərbaycanın bir çox qabaqcıl universitetləri, məktəbləri ilə əməkdaşlıq edən şirkətimiz yüzlərlə tələbəyə iş imkanı yaradıb. "Azercell" 20 ildir Azərbaycanın ən layiqli işəgötürəni siyahısında ön sıralardadır. Biz insana sərmayə ilə şirkətimizin, dövlətimizin inkişafına yatırım etmək yolunu seçmişik”.

V.Mürsəliyev qeyd edib ki, fevralın 17-20-i tarixlərində Qubada SABAH Karyera Qış Məktəbi təşkil olunacaq: "Bu tədbirdə də şirkətin əməkdaşları tələbələrə gələcək karyeralarını qurmaqda faydalı ola biləcək sessiyalar təqdim edəcəklər".

Memoranduma əsasən, "Azercell" təcrübə proqramında SABAH tələbələri üçün hər il xüsusi yerlər ayıracaq. Bu il mərhələlərlə seçilən 10 nəfər tələbəyə 2 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı yaradılması nəzərdə tutulub. Bir sıra şöbələrdə təcrübə keçərək gənclər eyni zamanda telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik qazanmaqla maraqlı və məsuliyyətli layihələrdə iştirak edə biləcəklər. Akademiya üzvlərinin Barama Sahibkarlıq və İnnovasiya mərkəzindən, xüsusi onlayn materiallar və testlərdən istifadəsinə şərait yaradılacaq.

İmza mərasimindən sonra "Azercell" təqaüdünə layiq görülən 9 tələbəyə sertifikat təqdim olunub. Eyni zamanda "Azercell"ə tərəfdaşlıq sertifikatı da təqdim edilib. Təqdimat mərasimində Təhsil Nazirliyi, SABAH qrupları layihəsi əməkdaşları, Akademiyanın rəsmi tərəfdaşlarının rəhbər əməkdaşları, tələbələr və media nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi