Yuxarı

"Azercell" rəsmi dilerdən alınmayan "konturlar"a cavabdeh deyil

Danışıq kartında problem yaşayan müştəri kartın əslində mövcud olmadığı cavabını alıb

Bakı. 14 aprel. REPORT.AZ/ "Azercell" mobil rabitə operatorunun istifadəçisi hesabını artırmaq üçün aldığı 10 manatlıq danışıq kartından istifadə edə bilməyib. Operatora müraciət edən müştəri üzərində rəsmi "Azercell" loqosu ilə satılan bu kartın şirkətə məxsus olmadığı, şirkətin bu seriyada kart istehsal etmədiyi cavabını alıb. Daha sonra istifadəçi “Azercell”in rəsmi dilerinə müraciət etsə də, orada da istifadəçiyə heç bir kömək edə bilməyəcəklərini, bu kartın istifadəyə yararsız olduğu və "Azercell"in ancaq rəsmi dilerlərdən alınan danışıq kartlarına cavabdeh olduğu bildirilib.

Aprelin 6-da məsələ ilə bağlı “Report” agentliyi mobil operatorun mətbuat xidmətinə yazılı müraciət edib. Problemin araşdırıldığını deyən “Azercell” şirkəti aprelin 14-də araşdırmanın nəticəsini açıqlayıb.

Qeyd edək ki, istifadəçi danışıq kartını mütəmadi alış-veriş etdiyi mağazadan aldığını və ilk dəfədir belə bir halla qarşılaşdığını deyib.

"Azercell”dən "Report"a verilən açıqlamada bildirilir ki, araşdırmanın nəticəsinə görə, həmin kart çox əvvəl başqa abonent tərəfindən yüklənilib, sistemdə bu aydın görünür, amma bu, konfidensial məlumat olduğu üçün kim tərəfindən yüklənildiyi açıqlanmır: "Lakin müştəri məmnuniyyəti prinsipi baxımından həmin məbləğ abonentin hesabına yüklənilib".

Şirkətin mətbuat xidməti bildirir ki, “Azercell” əsasən rəsmi dilerdən alınan kartlarda yaranan problemlərə cavabdehdir, yəni pərakəndə satış mağazalarından alınan kartlar şirkət nümayəndələri tərəfindən paylanılmır, həmin mağazalar alıcı kimi gəlib alır, daha sonra onu pərakəndə şəkildə satır. Ona görə də “Azercell” kənar mağazalardan danışıq kartı almamağı tövsiyə edir.

Mağaza sahibləri isə mobil operatorun kartlarının bütün mağazalara bir firma tərəfindən paylanıldığını və həmin firmanın da kartları rəsmi dilerdən aldığını bildirir, dilerlər isə bu kartların pərakəndə satış üçün alındığından xəbərdardır, çünki 1 manatlıq kart onlara 98 qəpikdən satılır, belə halda adi müştəri kimi alınması mümkün deyil.

Qeyd edək ki, yerli mobil operator istifadəçiləri aldıqları danışıq kartının əvvəldən istifadə olunub-olunmadığını bilmək üçün həmin kartın seriya nömrəsini 1003 qısa nömrəsinə SMS göndərməklə öyrənə bilərlər. Sözügedən kartda da problem yarananda isə onun seriya nömrəsi 1003-ə göndərilib, lakin həmin kartın mövcud olmadığı haqqında cavab verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi