Yuxarı

Azərbaycanla Koreya arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Ramin Quluzadə: “Koreyanın İKT sahəsində əldə etdiyi nailiyyətlər Azərbaycan üçün faydalıdır”

Bakı. 19 avqust. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Koreya Respublikasının daxili işlər naziri Hong Yun-Şik və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Report”a Nazirlikdən bildirilib ki, görüşdə İKT sahəsində əməkdaşlıq əlaqələrin genişləndirilməsi, “Elektron hökumət” quruculuğu istiqamətində qarşılıqlı təcrübə mübadiləsi, nüvə, peyk sənayesi, poçt rabitəsi sahələrində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

İki ölkə arasında siyasi-iqtisadi münasibətlərin inkişafından söhbət açan rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ikitərəfli əməkdaşlığın bütün sahələrdə, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində də uğurla davam etdiyini bildirib: “Koreyanın İKT sahəsində əldə etdiyi nailiyyətlər və uğurlu təcrübə Azərbaycan üçün faydalı ola biləcək”.

Koreya şirkətlərinin Azərbaycanda həyata keçirilən İKT layihələrində iştirakından danışan nazir Azərbaycanın bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. R.Quluzadə bu baxımdan Bakıda keçiriləcək “Bakutel-2016” beynəlxalq informasiya texnologiyaları sərgi-konfransının əlverişli platforma olduğunu bildirərək, Koreya tərəfini sərgidə iştiraka dəvət edib.

Hong Yun-Şik öz növbəsində Koreya-Azərbaycan münasibətlərində qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən İKT, rabitə və yüksək texnologiyalar sahəsində yüksək səviyyədə olduğunu qeyd edib: “Azərbaycanda hazırda “Elektron hökumət” quruculuğu istiqamətində uğurlu işlər həyata keçirilir. Son 8 il ərzində ölkəmiz BMT-nin “Elektron hökumətin inkişaf indeksi” üzrə tərtib etdiyi hesabata liderlik edib. Bu istiqamətdə Azərbaycana istənilən dəstəyin göstərilməsinə hazırıq. Eyni zamanda BMT-nin hesabatında Azərbaycanın mövqeyinin xeyli yüksəlməsinə görə təbrik edirəm, bu uğuru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həyata keçirdiyi səmərəli işlərin nəticəsi kimi qiymətləndirirəm”.

Koreyalı nazir İKT sahəsində daha yüksək nəticələrin əldə edilməsi üçün azərbaycanlı kadrlara treninqlərin keçirilməsini, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini təklif edib.

Nazirliyin “Elektron hökumət” təlim-tədris mərkəzinin yaradılması və texniki təchizatında göstərdiyi dəstəyə görə Koreya dövlətinə təşəkkürünü bildirən R.Quluzadə bundan sonra da əlaqələrin yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi