Yuxarı

​Azərbaycanda rabitə vasitələrinin satışı və istifadəsi zamanı tətbiq olunacaq informasiya sistemi hazırlanıb

Xidmət “Elektron Hökumət” portalı üzərindən həyata keçiriləcək

Bakı. 31 oktyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) rabitə vasitələrinin satışı və istifadəsi zamanı tətbiq olunacaq informasiya sistemini hazırlayıb. “Report” bildirir ki, bu barədə nazirlikdən məlumat verilib. 

İnformasiya sisteminin hazırlanması Nazirlər Kabinetinin “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” qərara etdiyi dəyişikliklərlə bağlı olub.

Sabit operatorların istifadəsinə veriləcək informasiya sistemi yeni telefon çəkilişi zamanı ərizəçinin məlumatlarının sistemə düzgün işlənilməsini təmin edəcək. Bununla bağlı olaraq, sistem vasitəsilə istər vətəndaşlar, istərsə də hüquqi və fiziki şəxslər üçün telefon çəkilişi prosesi bütünlüklə elektronlaşdırılıb. Belə ki, ilkin olaraq sistemə işlənəcək abunəçi məlumatları İAMAS məlumat sistemi üzrə avtomatik formalaşdırılacaq, həmçinin əl ilə qeyd olunması nəzərdə tutulan digər məlumatların tam məzmunlu işlənilməsi üçün də şərait yaradılıb. Sistem vasitəsilə abunəçi müqaviləsindən tutmuş, aktivləşdiriləcək servislərə qədər bütün detallar elektronlaşdırılıb. Xidmət “Elektron Hökumət” portalı üzərindən həyata keçiriləcək.

Qeyd edək ki, MHM-də sözügedən informasiya sisteminin sabit operatorların istismarına verilməsi ilə bağlı toplantı keçirilib və prosesin ssenarisi üzrə hazırlanmış təqdimat toplantı iştirakçılarına nümayiş etdirilib. Toplantıda “TransEvroKom” MMC, “Catel” MMC, “Ultel” MMC və “Azərtelekom” MMC-nin nümayəndələri iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi