​Azərbaycan üçüncü peykini orbitə buraxmağa hazırlaşır

​Azərbaycan üçüncü peykini orbitə buraxmağa hazırlaşır Prezident: "Biz kadr potensialının hazırlanması işində daha da fəal olmalıyıq"
İKT
9 Noyabr , 2015 23:01
​Azərbaycan üçüncü peykini orbitə buraxmağa hazırlaşır

Bakı. 9 noyabr. REPORT.AZ/ "Ötən illər ərzində Azərbaycanda çox əlamətdar hadisələrdən biri də kosmik sənayenin yaradılması olub. Birinci telekommunikasiya peyki orbitə çıxarıldı. Ondan sonra Yer səthini müşahidə etmək üçün orbitə peyk buraxıldı. İndi biz üçüncü peykin buraxılması ilə məşğuluq".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunan ümumi yığıncaqda çıxış edən prezident İlham Əliyev deyib.

"Ölkədə yeni sənaye istiqaməti, yeni elmi sahə yaradılıb. Əlbəttə ki, bu sahədə ilk növbədə beynəlxalq əməkdaşlıq daha da dərinləşməlidir. Çünki bu sahə bizim üçün yenidir. Xarici tərəfdaşlarla mütləq müxtəlif tədbirlər - seminarlar, konfranslar, elmi–praktik tədbirlər keçirilməlidir. Biz kadr potensialının hazırlanması işində daha da fəal olmalıyıq. Çünki bu yeni kosmik sənaye artıq yaradılıbdır. Azərbaycan dünyanın sayı o qədər də çox olmayan kosmik klubuna da üzv olub. Bu, bizim siyasətimizi əks etdirir. Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi", - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik.

"Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var. Çünki kadr potensialı güclüdür. Təhsil lazımi səviyyədədir. Savadlılıq təxminən 100 faizdir. Bu, elmin inkişafı üçün əsas bazadır. Elmin inkişafına diqqət və qayğı göstərilir. Bütün bu amillər var. Əsas məsələ ondan ibarətdir ki, bütün bu strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun", - deyə İlham Əliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi