Yuxarı

Azərbaycan I Avropa Oyunlarında İT xidmətlərinin yüksək səviyyədə təşkili işlərini tam başa çatdırıb

Obyektlərə buraxılış rejimi və onların mühafizəsi gücləndirilib

Bakı. 12 iyun. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılan qərargah I Avropa Oyunlarında informasiya və telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təşkili üzrə işlərin icrasını artıq başa çatdırıb. 

"Report"un verdiyi xəbərə görə, bu barədə qərargah rəhbərinin müavini, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov “Rabitə dünyası”na müsahibəsində bildirib.

Müsahibədə bildiilir ki, Oyunların telekommunikasiya xidmətləri və radiotezliklərlə təchizatı istiqamətində bir çox işlər görülüb: "I Avropa Oyunlarının keçiriləcəyi məkanlar və təşkilati binalarının BAOƏK-in tələbatına müvafiq olaraq, ümumilikdə, 300 km-dən çox optik kabelin və 4,7 km mis kabelin çəkilişi, montaj və ölçü işləri başa çatdırılıb. 13 yarış məkanına və 13 təşkilati məkana əsas və alternativ istiqamətlərdən optik kabellər çəkilib. Bakı telefon şəbəkəsində çəkilmiş optik kabellərin monitorinqi üzrə yeni sistem alınıb quraşdırılıb. Dövlət qurumlarına tələb olunan miqdarda optik liflər ayrılıb"

Nazir müavini qeyd edib ki, bundan başqa, yarış və təşkilati məkanların, hərəkət marşrutlarının “Tetra” radiorabitəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təşkil edilib, Bakı şəhərində “Tetra” radio şəbəkəsinin genişləndirilməsi işləri aparılıb və 5 500 "Tetra" radio terminalları alınıb.

"Oyunlara xidmət göstərəcək “2015” çağrı xidmətinin yaradılması məqsədilə RYTN tərəfindən “Azerfon” MMC-yə “2015” qısa nömrəsi ayrılıb və xidmətin fəaliyyəti və bu qısa nömrəyə stasionar və mobil operatorlardan zənglərin ödənişsiz aparılması təmin edilib. I Avropa Oyunları ilə əlaqədar BAOƏK-in müraciəti nəzərə alınaraq, cari ilin may ayından etibarən iyul ayına qədər mobil cihazların qeydiyyat müddəti 30 gündən 60 günə qədər artırılıb. Atletlər Kəndi poçt şöbəsinin təşkili üçün ayrılmış 61 kv. m sahədə müvafiq poçt xidmətlərinin göstərilməsi və markaların satışı üçün hazır vəziyyətə gətirilib", - İ.Məmmədov qeyd edib.

İ.Məmmədov bildirib ki, oyunlar zamanı məkanlara və eləcə də məkanlardan TV yayımının etibarlı şəkildə təşkili üçün optik kabellərlə təminat RYTN-in üzərinə düşən vacib məsələlərdəndir: "Bu məqsədlə oyun və təşkilati məkanlardan birbaşa TV yayımının təşkili üçün şəbəkənin qurulması işləri başa çatdırılıb. Oyun məkanlarındakı yarışların Beynəlxalq Yayım Mərkəzinə optik kabellər vasitəsilə ötürülməsi və Oyunların dünyaya yayımının “Intelsat”, “Asiasat”, “Eutelsat” və “Azerspace” peyklərindən istifadə etməklə BAOƏK-nin müqaviləçisi olan Beynəlxalq İdman Yayım Şirkəti tərəfindən təmin ediləcək. Mingəçevirdə keçiriləcək avarçəkmə oyununun yayımı üçün “Azerspace”dən ehtiyat kimi istifadə üçün tədbir görülüb".

O qeyd edib ki, I Avropa Oyunlarına hazırlıq və Oyunlar zamanı RYTN-ə aid öhdəliklərin lazımi səviyyədə icrası məqsədilə nazirliyin aidiyyəti birlik və müəssisələrinə, mobil operatorlara, özəl telekommunikasiya operatorlarına RYTN-dən BAOƏK-lə razılaşdırmaqla aşağıdakılar barədə tapşırıq verilib və icrası təmin edilib: "Belə ki, obyektlərə buraxılış rejimi və onların mühafizəsi gücləndirilib. Yanğın təhlükəsizlik qaydalarına ciddi əməl edilir. İşçilər əlavə təlimatlandırılıb. Kabellərin mühafizəsi gücləndirilib. Taksofonların işinə nəzarət artırılıb. Dövlət və özəl TV yayımlarının keyfiyyətli və fasiləsiz təşkili təmin edilib. İnternet xidmətlərinin və beynəlxalq rabitənin keyfiyyəti təmin edilib və s."

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi