Yuxarı
    Bağlamaq

    ​Azərbaycan "e-İdarəçilik" üzrə beynəlxalq konfransda iştirak edəcək

    Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edəcək

    Bakı. 4 may. REPORT.AZ/ Bu il mayın 12-13-də Tallində (Estoniya) “e-İdarəçilik” üzrə beynəlxalq konfrans keçiriləcək. Elektron hökumət quruculuğuna həsr olunan konfransa elektron idarəetmə sahəsi üzrə dünyanın aparıcı ekspertləri, hökumət, biznes, akademiya nümayəndələri, beynəlxalq təşkilatlar, eləcə də vətəndaş cəmiyyəti qruplarının təmsilçiləri qatılacaqlar.

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycandan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirakı nəzərdə tutulur.

    Qeyd edək ki, konfrans Estoniyada keçirilən “İKT həftəsi” çərçivəsində təşkil olunur. Həftənin tədbirləri mayın 11-də baş tutacaq “Dövlət idarəçiliyi islahatları” seminarı ilə başlayacaq. Beynəlxalq konfransda elektron idarəetmə strategiyasının planlaşdırılması; Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində elektron idarəetmənin 15 illik təcrübəsi; mərkəzi elektron idarəçilikdə koordinasiya və əlaqələr; kibertəhlükəsizlik və elektron idarəçilik kimi mövzular müzakirə olunacaq. Konfransın əsas məruzəsi sırasına Estoniya prezidenti Tomas Hendrik İlvesin çıxışı da daxildir.

    Nazir müavini E.Vəlizadənin mayın 11-də seminarın açılışında çıxışı, mayın 12-də konfransda “Əməkdaşlıq, əlaqələndirmə və kommunikasiya – biz e-İdarəçiliyi təşkil edə biləcəyikmi?” mövzusunda keçiriləcək müzakirə panelində məruzəçi kimi iştirakı və mayın 13-də konfransın bağlanış mərasimində çıxışı planlaşdırılıb.

    Tədbirdə həmçinin Azərbaycanda e-hökumət formalaşdırılması təcrübəsi haqqında təqdimat da ediləcək. Tədbir təşkilatçıları qeyd edirlər ki, elektron idarəetmə və açıq hökumət müasir dünyada ölkələrin əksəriyyətində məişət anlayışına çevrilib. Açıq Hökumət Tərəfdaşlığına bu gün dünyada 65 iştirakçı ölkə qoşulub. Bu ölkələrin hökumətləri öz üzərilərinə iddialı açıq hökumət islahatlarının həyata keçirilməsi və inkişafı məqsədi ilə vətəndaş cəmiyyəti ilə birlikdə işləmək öhdəliyini götürüblər. Eyni zamanda, əməkdaşlığa qoşulan ölkələr şəffaflıq sahəsində innovativ islahatların aparılması, məsuliyyətlilik, həmçinin aparılan prosesə vətəndaşların cəlb edilməsi öhdəliyini də daşıyırlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi