"​Asan İmza" texnologiyası London konfransında təqdim edilib

"​Asan İmza" texnologiyası London konfransında təqdim edilib Tədbirdə bu texnologiyanın elektron hökumətdən mobil hökumətə keçid prosesində tətbiqi sahəsində ölkənin təcrübəsindən bəhs edilib
İKT
13 May , 2016 15:56
​Asan İmza texnologiyası London konfransında təqdim edilib

Bakı. 13 may. REPORT.AZ/ Londonda keçirilmiş nüfuzlu "SDW 2016" X beynəlxalq konfrans və sərgisi işini yekunlaşdırıb. Rəqəmsal identitet, biometrik texnologiyalar və elektron təhlükəsizlik mövzularına həsr edilmiş tədbirə sıralarında nüfuzlu ekspertlərin, iri təchizatçı şirkətlərin nümayəndələrinin, beynəlxalq təşkilatların vəzifəli şəxslərinin, eləcə də müxtəlif ölkələrin dövlət rəsmilərinin yer aldığı 80-ə yaxın ölkədən 1 500-dən artıq nümayəndə qatılıb. Konfransda “Asan İmza” mobil elektron imza xidmətinin yaradıcısı və operatoru olan “B.EST Solutions” şirkətinin təsisçisi Yana Krimpe də iştirak edib. 

Şirkətdən "Report"a daxil olan məlumata görə, tədbirin mobil identitet mövzusuna həsr edilmiş plenar sessiyasında çıxış etmiş Y.Krimpe iştirakçılara Azərbaycanın mobil elektron imza xidməti olan “Asan İmza” barədə ətraflı məlumat verib və “Asan İmza” texnologiyasının elektron hökumətdən mobil hökumətə keçid prosesində tətbiqi sahəsində ölkənin təcrübəsindən bəhs edib. Qeyd edilib ki, elektron xidmət təminatçıları üçün tətbiqin asanlığı və əhali üçün kütləvi istifadə baxımından əlçatan olması kimi üstünlüklərə görə Azərbaycanın “Asan İmza” texnologiyası dünyada ən dinamik inkişaf edən mobil identitet və imza aləti kimi tanınır. Çıxış zamanı “Asan İmza” xidmətinin fəaliyyətinə dair əsas statistik göstəricilər də nümayiş etdirilib. İştirakçılara məlumat verilib ki, indiyədək “Asan İmza” xidməti Azərbaycanda Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemlərində, "e-Hökumət" və “Asan Ödəniş” portallarına inteqrasiya edilib. Konfrans auditoriyası tərəfindən Azərbaycanın mobil imza xidmətinin mövcud olduğu iki il ərzində inkişaf templəri təqdirəlayiq hesab edilib. Təqdimatın sonunda bu il ərzində dünyada keçiriləcək digər tədbirlərdə də Azərbaycanın bu sahədə təcrübəsinin işıqlandırılması ilə bağlı dəvətlər səsləndirilib.

Qeyd edək ki, cəlbedici ixrac potensialına malik olan “Asan İmza” texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir. “B.EST Solutions” şirkəti qabaqcıl mobil identitet və imza texnologiyasının tətbiqi və istifadəsi, eləcə də mobil imza xidmətinin dövlət və özəl elektron sistemlərlə qarşılıqlı əlaqəsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdim edilməsi məqsədilə bu kimi beynəlxalq tədbirlərdə fəal iştirak edir.

“Asan İmza” Azərbaycanda vahid elektron hökumət konsepsiyasının mühüm komponentini təşkil etməklə yanaşı, özəl sektorun elektron xidmətlərinin göstərilməsində də istifadə olunur. Hazırda ölkədə bir çox banklar, sığorta şirkətləri, onlayn ödəniş portalları öz elektron sistemlərində mobil imza xidmətindən fəal şəkildə yararlanır. 

Son xəbərlər

Orphus sistemi