Yuxarı
    Bağlamaq

    ​"Android" və "iOS" smartfon bazarında liderliyini möhkəmləndirib

    Ötən il buraxılan smartfonların 96%-i Android və iOS sistemləri ilə işləyib

    Bakı. 26 fevral. REPORT.AZ/ “Android” və “iOS” mobil əməliyyat sistemləri smartfon bazarına tam nəzarət edir. Bazardakı vəziyyətə “International Data Corporation” (IDC) şirkətinin analitikləri aydınlıq gətirib.

    “Report” “DailyComm”a istinadən Worldwide Quarterly Mobile Phone Tracker-in hesabatını təqdim edir. Hesabata görə, ötən ilin oktyabr-dekabr ayları və bütövlükdə 2014-cü ildə buraxılan smartfonların 96,3%-i “Android” və “iOS” sistemlərinin idarəetməsi ilə işləyib. 2013-cü ilin IV rübündə bu göstərici 95,6%, ümumilikdə 2013-cü ildə isə 93,8% olub.

    Tədarük həcminin artım tempi baxımından “Android” sistemli qurğular seqmenti ötən il bütün smartfon bazarını üstələyib. Bu göstərici müvafiq olaraq 32% və 27,7% olub. “iOS” sistemində də ötən ilin IV rübündə artım qeydə alınıb - müvafiq olaraq 46,1% və 29,2%.

    Ötən il dünya bazarına 1,06 mlrd. “Android” sistemli smartfon çıxarılıb. Əvvəlki ildə bu göstərici 802,2 mln. ədəd təşkil edib. Bu qurğuların bazar payı 78,7%-dən 81,5%-dək artıb. "iOS”un analoji iştirak göstəricisi 15,1%-dən 14,8%-dək azalıb, halbuki 2014-cü ildə tədarük edilən “iPhone” modellərinin sayı illik müqayisədə 25,6% - 192,7 mln. ədədək artıb.

    Ən populyar mobil əməliyyat sistemləri üçlüyünə “Windows Phone” daxil olsa da, onun payı 2013-2014-cü illərdə 3,3%-dən 2,7%-ə düşüb. “Windows Phone” sistemli smartfonların qlobal tədarükü 4,2% artaraq 34,9 mln. ədəd təşkil edib.

    Sistemlər arasında “BlackBerry”nin vəziyyəti isə pisdir. Belə ki, 2014-cü ildə Kanada smartfon istehsalçısı 5,8 mln. qurğu tədarük edib, bu da əvvəlki ilə nisbətən 70% azdır və dünya göstəricisinin 0,4%-nə bərabərdir (həmin il “BlackBerry”nin smartfon bazarında payı 1,9% olub).

    Smartfon satışının nəticələrini şərh edən IDC-nin tədqiqatlar üzrə direktoru Ramon Lamas bildirib ki, "Android” və “iOS” üçün liderliyi istehlakçı tələbatının yüksək olması, yenilənən məhsul xətti və ucuz modellərin satışa çıxarılması təmin edib.

    Analitik şirkətin tədqiqatlar üzrə baş meneceri Melissa Çau qeyd edib ki, hazırda heç bir əməliyyat sistemi "Android” və “iOS” ilə rəqabət apara bilməz, halbuki bu istiqamətdə müəyyən addımlar atılır. Belə ki, “Microsoft” korporasiyası ucuz "Lumia” smartfonlarının satışına başlayıb, “Samsung” şirkəti “Tizen” əməliyyat sistemini kommersiya smartfonları bazarına çıxarıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi