Yuxarı
    Bağlamaq

    İki il yarım ərzində əhaliyə, fiziki və hüquqi şəxslərə 12 mln-dan çox elektron xidmət verilib

    Elektron hökumət portalının istifadəçilərinin sayı 2 milyondan çoxdur

    Bakı. 14 İyul. REPORT.AZ/ "Ötən 2 il 6 ay müddətində əhaliyə, fiziki və hüquqi şəxslərə 12 milyondan çox elektron xidmət verilib".

    "Report" xəbər verir ki, bunu iyulun 13-də Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

    O bildirib ki, hesabat dövründə elektron xidmətlərin verilməsi, “elektron imza” və “elektron hökumət” portalının inkişafı təmin olunub:

    "Artıq 44 hökumət və dövlət orqanından “elektron hökumət” portalına 421 xidmət inteqrasiya olunaraq vahid elektron pəncərə sistemi vasitəsilə vətəndaşlara və iş adamlarına verilir. Portalın istifadəyə verilməsindən ötən 2 il 6 ay müddətində əhaliyə, fiziki və hüquqi şəxslərə 12 milyondan çox elektron xidmət verilib. Portalın istifadəçilərinin sayı isə 2 milyondan çoxdur. Vergilər Nazirliyinin Elektron İmza Sertifikatlar Mərkəzində verilən “ASAN-imza” sistemi İslam Əməkdaşlıq Təşkilatının rəhbərliyinin diqqətini cəlb edib və təşkilat ölkələri arasında standart “elektron imza” kimi istifadə məsələsi müzakirə olunur".

    O əlavə edib ki, elektron informasiya resurslarının yaradılması və regional informasiya texnologiyaları xidmətlərinin verilməsində son 6 ayın uğurlarından biri də regional informasiya-hesablama mərkəzinin – DATA Mərkəzinin yaradılmasıdır.

    "Mərkəzin istifadəyə verilməsi sentyabr ayına planlaşdırılıb. Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) bu DATA Mərkəzinin resurslarının təxminən 30 faizini MDB və Mərkəzi Asiya ölkələrinin regional əməkdaşlığı üçün istifadə edəcəyini planlaşdırıb və mərkəzin açılışında baş direktor səviyyəsində iştiraklarını bildirib", - deyə nazir bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi