Yuxarı

​Zakir Həsənov: "Cəbhədə ermənilərin təxribatına layiqli cavab verilib"

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibəti ilə keçirilən mərasimdə çıxış edib

Bakı. 27 İyun. REPORT.AZ/ Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə təntənəli mərasim keçirilib.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mərasim açıq elan edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümünə həsr edilmiş təbrik nitqilə çıxış edib.

Hərbçiləri bayram münasibəti ilə təbrik edən nazir il ərzində Silahlı Qüvvələrdə modernizasiya məsələləri, döyüş hazırlığı, sosial bazanın gücləndirilməsi istiqamətində böyük işlər həyata keçirildiyini bildirib.

"Mütəmadi olaraq döyüş atışlı təlimlərin icra edilməsi bir daha döyüş hazırlığının yüksək səviyyədə olmasının sübutudur. Bütün fəaliyyətlər birbaşa Silahlı Qüvvələrin Ali Baş Komandanının diqqət və qayğısının nəticəsidir.

Ötən gün Möhtərəm Prezident Hərbi Dəniz Qüvvələrinin yeni bazasının açılışını həyata keçirdi. Şəxsi heyətin qarşısında çıxış edərək Ali Baş Komandan Silahlı Qüvvələrin xidməti döyüş fəaliyyətinə yüksək qiymət verdi, ordu qarşısında qəti vəzifələr qoydu. O, qeyd etdi ki, Silahlı Qüvvələrin qarşısında duran əsas vəzifə, torpaqları işğaldan azad etməyə daim hazır olmaqdır", - deyə Zakir Həsənov qeyd edib.

O bildirib ki, Azərbaycan dövlətinin sülhsevər siyasəti nəticə vermir, çünki erməni tərəfi beynəlxalq səviyyədə qəbul edilən qərar və qətnamələrin tələblərini yerinə yetirmir. Cənab Prezident xüsusi qeyd etdi ki, əgər erməni əsgəri ölmək istəmirsə Füzuliyə, Ağdama gəlməsin.

Nazir bildirib ki, Silahlı Qüvvələrin 2014-cü və 2015-ci illərdəki fəaliyyətinə nəzər yetirilsə, cəbhədə ermənilərin təxribatına layiqli cavab verildiyini görmək olar və bundan sonra da bütün təxribatların qarşısı inamla alınacaq.

"Cəbhəboyu təşəbbüs tam olaraq Silahlı Qüvvələrimizin tərəfindədir və günü-gündən möhkəmlənən ordu müqəddəs vəzifəni qısa bir müddətdə yerinə yetirəcəkdir.

Bu bayram günündə mən bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda düşmənlə təmas xəttində, döyüş növbətçiliyində, qarovul xidmətində olan şəxsi heyəti təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və uğurlar arzulayıram.

Bütün Silahlı Qüvvələri və Azərbaycan xalqını qələbə arzusu ilə təbrik edirəm", - deyə Zakir Həsənov çıxışını yekunlaşdırıb.

Bayram münasibətilə müdafiə naziri adından qonaqlara ziyafət verilib. Tədbir Xalq artisti Azərin və Müdafiə Nazirliyinin Nümunəvi hərbi orkestrinin təqdim etdiyi bayram konserti ilə yekunlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi