Bakı. 16 fevral. REPORT.AZ/ "İldən-ilə Azərbaycan Silahlı Qüvvələrində, təkcə Müdafiə Nazirliyində deyil, digər silahlı birləşmələrdə də baş verən intihar hadisələrinin sayı azalmaqda davam edir".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın hərbi prokuroru, əməkdar hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyev deyib.
"Hərbidə intiharın müxtəlif səbəbləri olur. Bəziləri hərbi xidmətin gərginliyinə dözə bilmir, nizamnamə ilə tələb olunan hərəkətləri eləmir, bir-birlərinə qarşı nizamnamədən kənar qanunsuz hərəkətlər törədirlər, bəziləri ailə-məişət məsələləri ilə bağlı və ya şəxsi sevgi münasibətləri ilə bağlı intihar və ya intihara cəhd edir", - deyə, hərbi prokuror əlavə edib.
Onun sözlərinə görə, hər bir intihar hadisəsi, ümumiyyətlə ölümlə nəticələnən hər bir hadisə Hərbi Prokurorluq tərəfindən qeydə alınır: "Hər bir hadisə üzrə cinayət işi başlanır, istintaq olunur. Əgər hadisədə hər hansı şəxsin günahı müəyyən olunursa, o, cinayət məsuliyyətinə cəlb edilir".