Yuxarı

Türkiyənin Müdafiə Nazirliyi: Bakıda keçiriləcək birgə təlimlərin məqsədi əməkdaşlığın genişləndirilməsidir

Tədbirə Türkiyənin Mexanikləşdirilmiş Piyada Bölüyü də qatılacaq

Türkiyənin Milli Müdafiə Nazirliyi mayın 1-dən 3-dək Azərbaycanda keçiriləcək döyüş atışlı birgə təlimlərlə bağlı məlumat yayıb.

“Report” xəbər verir ki, təlimdə Türkiyənin mexanikləşdirilmiş piyada bölüyü iştirak edəcək.

“Birgə təlimlərin məqsədi Türkiyə ilə Azərbaycanın Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirmək, qarşılıqlı təcrübə mübadiləsi aparmaq, birgə fəaliyyəti genişləndirməkdir”, - deyə Milli Müdafiə Nazirliyindən bildirilib. 

Qeyd  edək ki, iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 3-dək Bakıda “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək.

Təlimdə iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti aprelin 22-də Azərbaycana gəlib. 

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır.

Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcək.

Təlimə hazırlıq dövründə türkiyəli hərbçilər üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.

Oxşar təlimlər 2013, 2015 və 2017-ci illərdə Azərbaycanda, 2014, 2016 və 2018-ci illərdə Türkiyədə keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi