Yuxarı

Prezident İlham Əliyev general Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Müdafiə Nazirliyinə Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev general Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, 2015-ci ildə görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Sadıq bəy oğlu Mehmandarovun anadan olmasının 160 illiyi tamam olur.

General Səməd bəy Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazmışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticələridir.

Dövlət başçısı gənc nəslin azərbaycançılıq məfkurəsinə uyğun, vətənə məhəbbət ruhunda tərbiyəsində əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqı qarşısında müstəsna xidmətlər göstərmiş general Səməd bəy Mehmandarovun 160 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə Müdafiə Nazirliyinin Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə tədbirlər planını hazırlayıb həyata keçirməsini qərara alıb.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi