Yuxarı
    Bağlamaq

    Prezident Azərbaycana yeni silah və texnikaların gətirilməsi üçün göstəriş verib

    Ölkəyə gətirilən ən müasir silah-sursat, texnika yüksək texnoloji səviyyəyə cavab verir

    Bakı. 25 iyun. REPORT.AZ/ "Azərbaycanda ordu quruculuğu prosesi məqsədyönlü və planlı şəkildə aparılır, görülən işlər də göz qabağındadır. Bununla paralel olaraq, Azərbaycanda hərbi–sənaye kompleksi yaradılıb və mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir".

    “Report” xəbər verir ki, bunu prezident İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilən binada yaradılan şəraitlə tanış olduqdan sonra onlarla görüşündə deyib.

    Onun sözlərinə göə, "bu, həm ordumuzun ehtiyacını ödəyir, eyni zamanda, biz artıq xarici bazarlara da çıxmışıq".

    "Bakıda keçirilmiş müdafiə sənayesi sərgisi bir daha onu göstərir ki, artıq Azərbaycan bu istiqamətdə də böyük uğurlara imza atıb. Çünki birinci sərgiyə çox böyük maraq var idi. Orada nümayiş etdirilən hərbi təyinatlı məhsullar dünyanın aparıcı şirkətləri tərəfindən istehsal edilib və onlardan bir hissəsini artıq Azərbaycan əldə edib. Beləliklə, müxtəlif ölkələrdə keçirilən ənənəvi müdafiə sənayesi sərgiləri ilə yanaşı, bu gün Azərbaycan da bu məsələdə öz imzasını qoyub", - deyə İlham Əliyev bildirib.

    Prezident ordu quruculuğu prosesində maddi–texniki təchizatın mühüm yer tutduğunu qeyd edib:

    "Çünki bu gün dünyada inkişaf edən texnologiyalar nəinki elmdə, sənayedə, iqtisadiyyatda, eyni zamanda, hərbi sahədə də özünü göstərir və növbəti onilliklərin müharibələri texnologiyalar müharibələri olacaq. Əlbəttə, adi silahlar da həmişə olduğu kimi, öz rolunu oynayacaq. Ancaq bu gün müxtəlif yerlərdə, müharibələrdə, toqquşmalarda gördüyümüz mənzərə bundan ibarətdir ki, hərbi üstünlüyü bütün digər amillərlə yanaşı, texnoloji tərəqqi də böyük dərəcədə müəyyən edir. Ona görə, Azərbaycana gətirilən ən müasir silah-sursat, texnika yüksək texnoloji səviyyəyə cavab verir.

    Mən maddi-texniki təminatı daha da genişləndirmək və yaxşılaşdırmaq üçün bu yaxınlarda müvafiq göstərişlər vermişəm. Artıq Azərbaycana yeni silahlar, texnikalar gətirilir. Bu, son bir-iki ay ərzində baş verir. Bu proses davam etdiriləcək. Bizim kifayət qədər maddi imkanlarımız var və biz bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq. Yəni, demək istəyirəm ki, bir mənbədən asılı deyilik. Biz bütün başqa sahələrdə olduğu kimi, bu sahədə də şaxələndirmə yolu ilə gedirik. Əlbəttə, biz gələcəkdə də çalışmalıyıq və çalışacağıq ki, Azərbaycan Ordusuna daim ən müasir silahları və texnikanı gətirək. Əminəm, buna nail olacağıq. Bununla paralel olaraq, əlbəttə, bizim hərbçilərimiz də müvafiq təlim kursları keçərək bu texnikadan istifadə etmək üçün artıq böyük peşəkarlığa malikdirlər və son vaxtlar təmas xəttində baş vermiş hadisələr bunu bir daha təsdiqlədi". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi