Yuxarı

Hərbi attaşe: “Azərbaycan hər zaman Türkiyənin dəstəyinə güvənə bilər”

​Hərbi attaşe: Azərbaycan hər zaman Türkiyənin dəstəyinə güvənə bilər

“Azərbaycan Türkiyənin hər zaman dostluq, qardaşlıq və dəstəyinə güvənə biləcəyi ölkədir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı hərbi attaşesi polkovnik Bülent Akdeniz jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyə üçün çox önəmli ölkədir: “Azərbaycanın ümummilli lideri Heydər Əliyevin də söylədiyi kimi Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Hər iki ölkə ayrılmaz bağlarla bir-birinə bağlıdır”.

B.Akdeniz deyib ki, Türkiyə və Azərbaycanın silahlı qüvvələri arasında uzun illərdir sıx əməkdaşlıq mövcuddur: “Bu qüvvətli əlaqələr hələ Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın Bakını işğaldan azad etdiyi dövrdən davam edir. Bu bağların nəticəsində hərbi sahədə əməkdaşlıq çox yaxşı şəkildə davam etdirilir”.

Hərbi attaşenin sözlərinə görə, türk xalqı Azərbaycanı öz ölkələrindən ayrı görmür: “Azərbaycanın bizim üçün xüsusi yeri var. Azərbaycan hər zaman Türkiyənin dəstəyinə güvənə bilər. Bu, hər zaman belə olub, bu gün də davam edir və gələcəkdə də davam edəcək”.

B.Akdeniz Türkiyə səfirliyi və Hərbi attaşe aparatı adından Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi