Bolnisi. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan torpaqlarının erməni işğalçı qüvvələrindən müdafiəsi zamanı şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Elşən Vaqif oğlu Məmmədovun vəfatından bir il ötür.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, sentyabrın 25-də şəhidin doğulub boya-başa çatdığı Bolnisi rayonunun Zol-Güvəc kəndində anım tədbiri keçirilib.
Əvvəlcə kəndin mərkəzində şəhid Elşən Məmmədovun adına tikilmiş “Şəhid bulağı”nın açılışı olub.
Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin, hərbi attaşe aparatının əməkdaşları iştirak ediblər.
Tədbirdə şəhid E.Məmmədovun həyat yolundan danışılıb, hərbi xidmətdəki nümunəvi hərəkətlərindən bəhs olunub. Bildirilib ki, o, 2015-ci il sentyabrın 25-də düşmən gülləsinə tuş gəlib. Şəhidlik zirvəsinə ucalmış Elşən doğulduğu Zol-Güvəc kəndində torpağa tapşırılıb.
Qeyd olunub ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və SOCAR-ın Gürcüstan nümayəndəliyinin maliyyə dəstəyi ilə kəndə yeni təbii qaz xətti çəkilib.
Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün “Şəhid bulağı”nın tikilməsi və onun anadan olduğu kəndin qazlaşdırılması şəhidlərə verilən yüksək qiymətin, onların ruhuna olan dərin hörmətin bariz nümunəsi kimi qiymətləndirilib.
Çıxışlarda Azərbaycanın və Gürcüstanın torpaqlarının işğal olunduğu təəssüf hissi ilə qeyd olunub. Bildirilib ki, insanlar tezliklə işğala son qoyulacağına, ərazi bütövlüyümüzün bərpa olunacağına inanırlar.
Sonra səfirliyin əməkdaşları şəhidin məzarını ziyarət edib, ailəsinə baş çəkiblər.
Diplomatlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi, səfir Azər Hüseyn və səfirliyin əməkdaşları adından şəhidin valideynlərinə, yaxınlarına başsağlığı veriblər.
Şəhid ailəsinə yardım göstərilib.