Yuxarı

​Gəncədə 7 ədəd tank əleyhinə mina aşkar olunub

Hazırda ANAMA ərazilərdə əməliyyatları davam etdirir

Bakı. 5 iyul. REPORT.AZ/ Tərtər, Füzuli, Ağstafa rayonlarında və Gəncə şəhərində partlamamış hərbi sursatlar aşkar olunub.

Bu barədə “Report”a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Agentlikdən bildirilib ki, iyulun 5-də 4 əkin sahəsi, 8 partlayış yerinə baxış keçirilib, 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin ("Qrad") mühərrik hissəsi, 1 ədəd PQ-7 raketi və 1 ədəd 100 mm-lik top mərmisi) və 7 ədəd TM-62 tank əleyhinə mina aşkar edilərək götürülüb, gün ərzində 25 150 kv.m ərazi təmizlənib.

Məlumata görə, Ağdam rayonunun Qaradağlı kəndində 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar olunmayıb, nəticə etibarı ilə 17 min kv.m ərazi yoxlanılıb.

Tərtər rayonunun Çaylı kəndində 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin ("Qrad") mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə olaraq 7 500 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (PQ-7 raketi) aşkar edilərək götürülüb, 500 kv.m ərazi yoxlanılıb.

Ağstafa rayonunun Dağkəsəmən kəndində yolun kənarında 1 ədəd partlamamış hərbi sursat (100 mm lik top mərmisi) aşkar edilərək götürülüb, 150 kv.m ərazi yoxlanılıb.

Gəncə şəhərinin Kəpəz rayonunda yolun ərazisində 7 ədəd TM-62 tank əleyhinə mina aşkar olunaraq götürülüb.

ANAMA-da yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Qeyd edək ki, Agentlik tərəfindən aprelin 7-dən iyulun 5-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 575 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 15 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi