Yuxarı

“Dövlətə sədaqət, Vətənə sevgi” devizi altında vətənpərvərlik tədbiri keçirilib

“Dövlətə sədaqət, Vətənə sevgi” devizi altında vətənpərvərlik tədbiri keçirilib
Qonaqlara və hərbçilərə Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş “Çingiz dastanı” kitabı təqdim edilib

Bakı. 13 may. REPORT.AZ/ Ağcabədi rayonundakı hərbi hissələrdən birində “Dövlətə sədaqət, Vətənə sevgi” devizi altında keçirilən vətənpərvərlik tədbirində Müdafiə Nazirliyinin rəsmiləri, Ağcabədi və Laçın rayonları ictimaiyyətinin nümayəndələri, zabitlər, gizirlər və gənc əsgərlər iştirak ediblər.

Nazirlikdən "Report"a verilən məlumata görə, əvvəlcə müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət Xadimi Abdulla Qurbani Azərbaycanda dövlət quruculuğu tarixindən, müsəlman Şərqində ilk demokratik dövlətin məhz Azərbaycanda yaranmasından, bu yolda xalqımızın apardığı mübarizələrdən ətraflı söhbət açıb.

Qeyd edilib ki, ötən əsrin 90-cı illərində ölkəmizdə gərgin vəziyyət yaranmışdı. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövləti dağılmaq təhlükəsi ilə üzləşəndə ulu öndərimiz Heydər Əliyevin xilaskarlıq missiyası ilə Vətənimiz vətəndaş müharibəsi təhlükəsindən, dövlətimiz isə çevriliş cəhdlərindən xilas edilmişdir. Ən çətin məqamlarda Ümummilli Liderimizin rəhbərliyi altında ordu ilə xalq əsl vətənpərvərlik nümunəsi göstərərək, bir bayraq altında, bir amal uğrunda birləşmişdirlər.

Azərbaycan dövlətinin sükanı bu gün etibarlı əldədir. Azərbaycan Ordusu isə dövlətimizin təhlükəsizliyinin qarantıdır. Heç bir qüvvə ordu ilə xalqın monolit birliyini poza bilməz.

Oğlunu və həyat yoldaşını döyüşlərdə itirmiş Dilbər Kərimova, Qarabağ müharibəsinin əlili Ramil Nağıyev, Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialının dosenti Tahir Kərimli, Laçın rayon 37 nömrəli tam orta məktəbinin direktoru Səxavət Məmmədov, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Ceyhun Mamedov, zabitlərdən Vüqar Musayev, Samir Səfərov, Namiq Cavadov çıxış edərək gənc əsgərlərə tövsiyə və məsləhətlər verib, onların Vətənin sadiq müdafiəçiləri olacaqlarına əminliklərini bildiriblər.

Gənc əsgərlər may ayının 10-da - Silahlı Qüvvələrimizin əbədiyaşar Ali Baş Komandanı Heydər Əliyevin ad günündə Hərbi And içdiklərindən böyük qürur duyduqlarını bildirərək Vətənin sadiq əsgəri olacaqlarını böyük inamla ifadə ediblər.

Qonaqlara və hərbçilərə Müdafiə Nazirliyi adından Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş “Çingiz dastanı” kitabı təqdim edilib, “Aprel zəfəri” vətənpərvərlik mahnıları silsiləsindən nümunələr səsləndirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi