Beyləqanda faşizm üzərində qələbənin 72-ci ildönümü ilə əlaqədar hərbi şöhrət bayramı keçirilib

Beyləqanda faşizm üzərində qələbənin 72-ci ildönümü ilə əlaqədar hərbi şöhrət bayramı keçirilib Müharibə qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Hərbi
9 May , 2017 20:25
Beyləqanda faşizm üzərində qələbənin 72-ci ildönümü ilə əlaqədar hərbi şöhrət bayramı keçirilib

Bakı. 9 may. REPORT.AZ/ Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beyləqan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beyləqan rayonunda 1941-1945 ci illər Böyük Vətən müharibəsində alman faşizmi üzərində qələbənin 72-ci ildönümü ilə əlaqədar "Qələbə Bayrağına Düzlən!" devizi altında hərbi şöhrət bayramı keçirilib.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə Müdafiə Nazirliyinin rəsmiləri, Beyləqan hərbi birliyinin nümayəndələri, Beyləqan rayon İcra Hakimiyyətinin rəhbərliyi, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Beyləqan şəhərinin mərkəzində Böyük Vətən müharibəsində həlak olan qəhrəman döyüşçülərin xatirəsinə ucaldılmış abidə önünə küknar yarpaqlarından hörülmüş çələng qoyub.

Müharibə qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirə 1945-ci ilin baharında Reyxstaq üzərində dalğalanan Qələbə Bayrağının surəti, eləcə də Azərbaycanın milli diviziyalarının döyüş bayraqları gətirilib. Tədbir iştrakçıları Qələbə bayrağını və milli diviziyaların döyüş bayraqlarını alqışlarla qarşılayıb.

"Qələbə Bayrağına Düzlən!" devizi altında hərbi şöhrət bayramını Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani açaraq faşizm üzərində qələbədə Azərbaycan xalqının müstəsna xidmətlərindən danışıb.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev Azərbaycan tarixində müstəsna yeri olan Böyük Vətən müharibəsi mövzusunda çıxış edərək Ulu Öndərimizin həmişə Böyük Vətən müharibəsinin Azərbaycan tarixinin bir hissəsi olduğunu sölədiyini böyük fəxarətlə qeyd edib. Ulu öndərimiz H.Əliyevin "Tariximizə böyük hörmətlə yanaşmalı, onu qiymətləndirməliyik" kəlamları tədbirin devizi kimi səslənib. Çıxışı edənlər bildiriblər ki, bu gün Azərbaycan oğulları Böyük Vətən müharibəsində iştirak edən ata-babalarımızın qəhrəmanlıq yolunu şərəflə davam etdirir və qəhrəmanlıq ənənələri yaşayır. Aprel döyüşləri zamanı qazanılan qələbə və bu günlərdə uğurla başa çatan iri miqyaslı təlimlər Azərbaycan əsgərinin gücünü və qüdrətini bir daha göstərdi. Azərbaycan oğulları ata və babalarımızın Böyük Vətən müharibəsi illərində göstərdiyi qəhrəmanlıqları təkrar etməyə hər an hazırdır və onlar Ali Baş Komandanın əmrini gözləyirlər.

Böyük Vətən müharibəsi veteranı, 95 yaşlı Müstəcəb Bağırov 416-cı Taqanroq diviziyasında xidmət etdiyi illəri yada salıb və cəhbə xatirələrindən danışıb. O, yaşının 95 olmasına baxmayaraq Qarabağ uğrunda döyüşlərə hər an hazır olduğunu da bildirib.

Hərbi birlik komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Elşad Əbilov öz çıxışında Qələbə bayrağına düzlənən, ata-babalarının qəhrəmanlıq ənənələrini hər an təkrar etməyə hazır olan Azərbaycan Ordusunun uğur və nəaliyyətlərindən və hər an Ali Baş Komandanın əmrinə hazır olduqlarından söhbət açıb.

Tədbir iştrakçıları "Qələbə günü" mahnısının sədaları altında I Şahsevən kəndinə yollanaraq burada Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun xatirə ev muzeyinin qarşısında mitinqdə iştirak ediblər.

Əvvəlcə tədbir iştrakçıları Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun büstü önünə əklillər, gül dəstələri qoyublar. Xatirə mitinqində Abdulla Qurbani, polkovnik Elşad Əbilov, eləcə də rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək, tədbir iştrakçılarını Qələbə bayramı münasibəti ilə bir daha təbrik edib, 9 may Qələbə gününün Azərbaycan tarixinin də şanlı səhifələrindən olduğunu qeyd ediblər.

Gəray Əsədovun bacısı qızı Ruxsarə Qəhrəmanova öz çıxışında Azərbaycan Prezidenti İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə dayısının, eləcə də bütün müharibə qəhrəmanlarının adlarını əziz tutduqları üçün dərin minnətdarlığını bildirib. Veteranlar və kənd ziyalıları çıxış edərək gənclərin vətənə sədaqət ruhunda tərbiyə edilməsinə bundan sonra da xüsusi əhəmiyyət verilməsini vurğulayıblar.

Tədbir iştirakçıları muzeyin geniş ekspozisiyası ilə tanış olublar. I Şahsevən, II Şahsevən və Araz kənd tam orta məktəblərinin şagirdləri qələbəni, vətənpərvərliyi tərənnüm edən ədəbi-bədii kompozisiya qonaqların böyük marağına səbəb olublar.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi adından hər 3 orta məktəbin kitabxanasına, eləcə də Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun xatirə muzeyinə Müdafiə Nazirliyinin xətti ilə yeni nəşr olunmuş kitablar və hərbi-vərənpərvərlik mahnılarından ibarət disklər təqdim edilib.

II Şahsevən kəndində hələ sovet dövründə ucaldılmış 2 dəfə sovet ittifaqı qəhrəmanı Həzi Aslanovun abidəsi ziyarət edilərək qarşısına gül dəstələri düzülüb. Polkovnik A.Qurbani Həzi Aslanovun keçdiyi mənalı həyat və şanlı döyüş yolundan danışıb. Hələ ötən əsrin 70-ci illərində ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə ölkədə qələbə günü ilə bağlı tədbirlərə məhz Həzi Aslanovun məzarının ziyarət olunması ilə start verildiyi bildirilib.

Çıxış edənlər Həzi Aslanovun misilsiz qəhrəmanlıqlarından söhbət açıblar. Kənd orta məktəbinin kitabxanasına "İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov" adlı kitab-albomu təqdim olunub. Məktəblilər vətənpərvərlik şerləri söyləyiblər.

Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman xanım çıxış edərək, "Qələbə Bayrağına Düzlən!" hərbi şöhrət bayramının təşkilinə göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin və Beyləqan rayon İcra Hakimiyyətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi