Yuxarı
    Bağlamaq

    Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

    İclasda Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, Türkiyədəki proseslər diqqət mərkəzində olub© Report.az

    Batumi. 23 may. REPORT.AZ/ Bu gün Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın müdafiə naziri Levan İzoria tədbiri açaraq üç ölkə arasındakı əlaqələrdən, müdafiə sahəsində əməkdaşlığın perspektivlərindən, regionda və dünyada gedən proseslərdən, qlobal terrorizm və separatizmdən danışıb.

    Bu gün Mançester şəhərində törədilən terror hadisəsi zamanı həlak olanların ailələrinə başsağlığı verib, Gürcüstanın terroru qətiyyətlə pislədiyini bildirib.

    Türkiyənin müdafiə naziri Fikri İşık tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq edib, ölkəsinin də terrora qarşı mübarizə apardığını diqqətə çatdırıb.

    Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib ki, Azərbaycan dövləti dünyada separatizmə və terrora qarşı çox sərt mövqe nümayiş etdirir: “Terror vasitəsilə dinc insanların qətlə yetirilməsi, ölkələrdə sabitliyin pozulmasına, beynəlxalq əməkdaşlığa, sülhə qarşı təhdiddir. Bütün dövlətlər terrora qarşı birgə mübarizə aparmalıdır”.

    O, Mançester şəhərində baş vermiş terror qətiyyətlə pisləyib.

    Üçtərəfli görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunub.

    Bildirilib ki, üçtərəfli əməkdaşlıq regionda təhlükəsizlə töhfə olacaq. Regional layihələrin birgə mühafizəsi təkcə layihələrin təhlükəsizliyinə deyil, regionda sabitliyə, xalqlarımızın sosial rifah halının yaxşılaşmasına və inkişafa təkan verəcəkdir.

    İclasda Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, Türkiyədəki proseslər diqqət mərkəzində olub. Tərəflər Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiklərini, Dağlıq Qarabağ və Cənubi Osetiya probleminin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər.

    Sonda görüşün birgə protokolu imzalanıb.

    Görüş başa çatdıqdan sonra hər üç nazirin iştirakı ilə mətbuat konfransı keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi