Bakı. 1 May. REPORT.AZ/ Aprelin 30-da Gürcüstan Silahlı Qüvvələrinin yaradılmasının 24-cü ildönümü ilə əlaqədar mərasim keçirilib.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bayram tədbirində Prezident Georgi Marqvelaşvili, müdafiə nazirinin vəzifələrini icra edən Mindiya Canelidze, eləcə də Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Baş nazir yanında Təhlükəsizlik və Böhranların İdarə Edilməsi Şurasının katibi, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Əvvəlcə Gürcüstanın ərazi bütövlüyü uğrunda və beynəlxalq sülhyaratma əməliyyatlarında həlak olmuş hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Gürcüstandakı hərbi attaşesinin köməkçisi Elcan İmanverdiyev bu ölkə rəsmilərini bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.