Azərbaycanın bütün hərbi hissələrində “Açıq qapı” günü keçiriləcək

Azərbaycanın bütün hərbi hissələrində “Açıq qapı” günü keçiriləcək Tədbir Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə baş tutacaq
Hərbi
4 Dekabr , 2015 19:09
Azərbaycanın bütün hərbi hissələrində “Açıq qapı” günü keçiriləcək

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, dekabrın 31-də saat 10.00-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü təşkil olunacaq.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

“Açıq qapı” gününün məhz bu əlamətdar tarixdə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsini, dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını təcəssüm edən 31 dekabr tarixi xalqımızın böyük bayramına çevrilib. Hər bir azərbaycanlı bu milli birliyə, bu həmrəyliyə öz töhfəsini verir.

“Açıq qapı” günündə ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Həmin gün hərbi hissələrin komandanlığı ilə valideynlərin görüşləri təşkil olunacaq, onları narahat edən sualların və maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi