Yuxarı

DSX Azərbaycana külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısını alıb

Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən narkotik maddə aşkarlanıb
© dsx.gov.az

Bakı. 1 fevral. REPORT.AZ/ Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilən məqsədyönlü əməliy­yat-axtarış və qoşun tədbirləri nəticəsində son günlərdə narkotik vasitələrin qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb. 

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, yanvarın 15-i, saat 18:00-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin texniki müşahidə məntə­qəsi tərəfindən Lənkəran rayonunun Qamışovka və Siyavar kənd­ləri istiqamətində sahildən 12.7 mil aralı naməlum üzmə vasitəsinin Azərbaycan Respub­likasının dəniz sektoruna daxil olması müşahidə edilib.

Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi hədəfi izləyərkən o, sürətlə cənub istiqamətinə doğru hərəkət edərək, ərazi sularımızı tərk edib. Na­məlum üzmə vasitəsinin hərəkət koordinatlarına baxış zamanı dənizdə suya bərkidilən 1 ədəd bağlama içərisində tünd qara rəngli bərk halda çəkisi 995 qram olan narkotik vasitə “tiryək” aşkarlanaraq götürülüb.

17-20 yanvarda, saat 20:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Arus kəndi ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsinin müqabilində İran İslam Respublikasında atışma səsləri eşildiyi üçün sərhəd zastavası “silaha” komandasına qaldırılaraq həmin sahə istiqa­mətində hərəkət edib. Qeyd olunan ərazi dərhal qapadılaraq ətrafda axtarış tədbirləri keçirilmiş və nəticədə 2 ədəd rəngli çantanın içərisində 6 kq 100 “heroin”, 1 kq 800 qr “meta­mfetamin”, 200 qr “tiryək” və qayalıqların arasında gizlədilmiş halda 2 ədəd bağlama içərisində 14 kq 850 qram “tiryək” və 6708 ədəd “metadon-40” həbi aşkar edilərək götürülüb.

Yanvarın 20-də “Astara” dövlət sərhədindən buraxılış məntə­qəsində İran İslam Respublikasından Azər­bay­can Respublikasına gələn İİR vətəndaşı 1983-cü il təvəllüdlü Bani Bayrami Maghsood Rezaghilinin üzərinə baxış keçiri­lərkən daxili orqanlarından 71 qram “metamfetamin” və 137 qram narkotik maddə olan “heroin” aşkar olunub. Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət mə­suliy­yətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək­daşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbir­ləri nəticəsində  21 yan­varda Azərbaycan Respublikasının vətən­daşları Masallı rayon sakinləri 1969-cu il təvəllüdlü Hüseynov Mikayıl Mürvət oğlu və 1972-ci təvəllüdlü Əliyev Eldar Şakir oğlu saxlanılıb.

Yanvarın 23-də, saat 00:53-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəs­təsinin xidməti ərazisində Füzuli rayonunun Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sər­hədini pozaraq İrandan Azərbaycana keçmiş Beyləqan rayon sakini əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Qəhrəmanov Elməddin Seyfəddin oğlu sərhəd pozucusu qismində saxlanılıb. Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 1 ədəd selofana bükülmüş halda 1080 qram “kokos” tərkibli narkotik maddə, 5 qram “marixuana” və 1 ədəd mobil telefon aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi