Yuxarı

Ankarada keçirilən Azərbaycan ​Silahlı Qüvvələri Gününə Türkiyənin 41 generalı qatılıb

Hərbi attaşe polkovnik İlyas İbrahimov Azərbaycanda ordu quruculuğunun tarixindən danışıb

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycanın Türkiyədəki səfirliyində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü münasibətilə keçirilən tədbirdə Türkiyə Silahlı Qüvvələrinin 41 generalı iştirak edib.

Azərbaycanın Türkiyədəki səfirliyindən "Report"a verilən məlumata görə, Türkiyənin müdafiə naziri İsmət Yılmaz, Silahlı Qüvvələrin Baş Qərargahının rəisinin müavini Yaşar Gülər və Hava Qüvvələri komandanı generalı Akın Öztürk başda olmaqla Silahlı Qüvvələrin 41 generalı, çox sayda millət vəkili, tanınmış ictimai-siyasi xadimlər, elm və incəsənət xadimləri, diaspor nümayəndələri, Türkiyə Xarici İşlər Nazirliyi və ölkənin başqa rəsmi qurumlarının nümayəndələri, Ankarada akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyənin bir neçə sabiq səfiri, yerli KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi polkovnik İlyas İbrahimov çıxış edərək, ordu quruculuğunun tarixindən söz açıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışı ilə ölkəmizin ordu quruculuğu prosesin yeni bir mərhələyə qədəm qoyub. Polkovnik, bu siyasətin Prezident, Ali Baş komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ordusunun regionun ən qüdrətli ordularından birinə çevrildiyini diqqətə çatdırıb. O, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılması ilə bağlı rəsmi Bakının birmənalı və qətiyyətli mövqeyi haqqında qonaqları məlumatlandırıb.

Məlumata görə, tədbirdə Türkiyə Prezident Administrasiyasının baş katibi Fahri Kasırga, inkişaf naziri Cəvdət Yılmaz, Ədalət və İnkişaf Partiyasından millət vəkilli Nəcdət Ünüvarın tədbirə ünvanladıqları mesajları oxunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi