Yuxarı

Azərbaycan NATO-nun Gürcüstandakı qış dağ hazırlığı kursunda təmsil olunur - VİDEO

Tbilisi. 3 fevral. REPORT.AZ/ Gürcüstanın Mtsxeta-Mtianeti regionunda, Qudauri qəsəbəsində NATO-ya üzv və tərəfdaş ölkələrin hərbçiləri üçün aralıq qış dağ hazırlığı kursu keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Kurs Alyansın “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində polkovnik Besik Kutateladze adına Saçxere Dağ Hazırlığı Məktəbi tərəfindən keçirilir.

Kursda Azərbaycan, Litva, Belarus, Ukrayna və Gürcüstanın, ümumilikdə 14 hərbçisi iştirak edir. Azərbaycanı təlimdə 1 hərbçi təmsil edir.

Təlim çərçivəsində hərbçilər xizəklərlə hərəkət etmə texnikası və enişli yollarda maneələr cərgəsini keçmək, qarda gecə sığınacağının qurulması və qar uçqununa düşən şəxsin xilas olunması üzrə biliklər əldə edirlər.

Hərbçilər qış dağ hazırlıq kursunun ilkin mərhələsini Samtsxe Cavaxeti bölgəsinin Abuli dağında keçiblər.

Kurs fevral ayının 8-də başa çatacaq. İştirakçıların hamısı sertifikatlar və mükafat nişanları ilə təltif olunacaqlar. Hazırlıq prosesində fərqlənmiş hərbçilərə qrup rəhbəri tövsiyənamə verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi