Yuxarı

Ağstafada çay kənarında bir ədəd partlamamış top mərmisi aşkarlanıb

ANAMA ərazilərdə əməliyyatları davam etdirir

Bakı. 17 avqust. REPORT.AZ/ Ağstafa rayonunun Qırlı kəndi ərazisində çay kənarında bir ədəd partlamamış top mərmisi aşkar edilərək götürülüb.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) “Report”a verilən məlumata görə, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U - "Qrad" raketi) aşkar edilərək götürülüb, nəticə olaraq 7 min kv.m ərazi yoxlanılıb.

Eyni zamanda, Tərtər rayonunun Həsənqaya kəndində 1 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, 8 min kv.m ərazi yoxlanılıb.

Həmçinin, Ağstafa rayonunun Qırlı kəndi ərazisində çay kənarında 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, 500 kv.m ərazi yoxlanılıb.

ANAMA-da yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Qeyd edək ki, ümumilikdə agentlik tərəfindən aprelin 7-dən avqustun 17-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 472 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi