SIPRI: Azərbaycan son beş ildə ən çox silahı İsraildən alıb

SIPRI: Azərbaycan son beş ildə ən çox silahı İsraildən alıb Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutu (SİRPİ) 2017-2021-ci illər üçün qlobal silah ticarətinin vəziyyəti haqqında yeni hesabat dərc edib.
Hərbi
14 Mart , 2022 04:50
SIPRI: Azərbaycan son beş ildə ən çox silahı İsraildən alıb

Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutu (SİPRİ) 2017-2021-ci illər üçün qlobal silah ticarətinin vəziyyəti haqqında yeni hesabat dərc edib.

“Report” xəbər verir ki, hesabata əsasən dünyada ABŞ və Rusiya əsas silah ixracatçıları olaraq qalırlar.

Hesabata görə, 2012-2016-cı illərlə müqayisədə 2017-2021-ci illərdə dünyada silah ticarətinin ümumi həcmi 4,6% azalıb. Eyni vaxtda Avropa, Şərqi Asiya və Okeaniyaya hərbi məhsulların idxalı isə artıb.

ABŞ və Fransada hərbi ixracatda ciddi artım müşahidə olunub. Avropaya silah idxalı 19%, Şərqi Asiya regionuna 20%, Okeaniyaya isə 59% artıb.

2017-2021-ci illərdə Rusiya 45 ölkəyə silah tədarük edib. Amerika 2012-2016-cı illərlə müqayisədə ixracatı 2017-2021-ci illərdə 14% artıraraq qlobal həcmdəki payını 32%-dən 39%-ə yüksəldib.

Müvafiq illərdə Fransa hərbi ixracını artıraraq qlobal həcmdəki payını 11%-ə çatdırıb. Bu da ona dünya reytinqindəki üçüncü yeri təmin edib. 2017-2021-ci illərdə silah ixracı reytinqində Çin dördüncü, Almaniya isə beşinci yerdə qərarlaşıb.

Azərbaycan isə 2017-2021-ci illərdə silah idxalına görə dünyada 37-ci yeri tutub. Araşdırmaya əsasən, göstərilən dövrdə Azərbaycanın əsas silah təchizatçıları İsrail (61%), Rusiya (22%) və Belarusdur (6,6%).

Qeyd edək ki, Azərbaycan İsraildən AIL Storm (“Sufa”) nəqliyyat vasitəsi, 160 mm-lik Lynx LAR və Lynx Extra raket sistemləri, 155 mm-lik “Atmos-2000”, “Semser” haubitsası, 120 mm-lik “Cardom” minaatanı, İMİ Shipon və “Spayk” tank əleyhinə raketləri, UZİ markalı tapança-pulemyot, Tavor TAR-21 və Tavor MTAR-21 kimi avtomat tüfəngləri, “Harop” silahlarını, “Heron” və “Hermes” tipli pilotsuz uçuş aparatlarını, “Barak-8” ZRK raketini, “Sand Cat” və “Samson MLS” döyüş modulu 4×4, 6×6, 8×8 təkər formuluna malik döyüş maşınlarını, T-72SİM1 tankını, hava hücumuna və raket hücumlarına qarşı “Dəmir gümbəz” komplekslərini alıb.

Son xəbərlər

Orphus sistemi