Bakı. 27 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2016-cı ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, kollegiya iclasında baş prokurorun müavini – respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub. Hesabat dövründə qeydə alınmış cinayətlərin 99,1 faizi açılıb.
Hərbi prokuror deyib ki, 2015-ci ilə nisbətən ötən il Silahlı Qüvvələrdə qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər 14,2 faiz, hərbi xidmətdən yayınma cinayətləri 35,1 faiz, o cümlədən hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə 40,2 faiz, fərarilik 69,2 faiz, tabelik qaydası əleyhinə 4,2 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 4 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə 53,3 faiz, qəsdən adam öldürmə 36,8 faiz, özünü öldürmə həddinə çatdırma 14,3 faiz azalıb. 2015-ci illə müqayisədə ötən il Müdafiə Nazirliyinin hərbi hissələrində qeydə alınmış cinayətlər 5,1 faiz, o cümlədən hərbi xidmət əleyhinə cinayətlər 12,7 faiz azalıb. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olub. Bununla yanaşı, ötən il Silahlı Qüvvələrdə bəzi növ cinayətlərin cüzi artımı qeydə alınıb.
Silahlı Qüvvələrdə ayrı-ayrı cinayətlərin qarşısının alınması məqsədilə hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilərək icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Vurğulanıb ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2016-cı il 20 may tarixli qərarı Respublika Hərbi Prokurorluğu orqanları tərəfindən vaxtında icra edilib, 72 hərbi qulluqçuya Amnistiya aktı tətbiq olunub.
Diqqətə çatdırılıb ki, respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2016-cı ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülüb. Bu xarakterli faktlar üzrə 153 şəxs barəsində 117 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.
Xanlar Vəliyev vurğulayıb ki, 2016-cı ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş 1 milyon 102 min 641 manat məbləğində maddi ziyanın istintaq zamanı ödənilməsi təmin edilib.
Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 45 nəfər tutularaq istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 150 yoxlama keçirilib, nəticədə 2234 qanun pozuntusu aşkar edilib. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 228 təqdimat göndərilib, 239 nəfərə xəbərdarlıq edilib, 41 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 137 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 23 qanunsuz qərar ləğv olunub.
Xanlar Vəliyev ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsini tələb edib.
Hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilib. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülüb.
Ötən il hərbi prokurorluq orqanlarında vətəndaşların 1953 müraciətinə baxılıb, 1091 vətəndaş mərkəzi aparatda qəbulda olub, ərazi hərbi prokurorluqlarında 2817 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 2288 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunub.
Xanlar Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və Ermənistan silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə kollegiya iştirakçılarına məlumat verərək bildirib ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri yerinə yetirilir.
Hərbi prokuror qeyd edib ki, ötən ilin aprelində Ermənistan silahlı qüvvələrinin birləşmələri atəşkəs rejimini və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq, Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrini və mülki obyektlərini iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutublar. Ermənistan silahlı qüvvələri tərəfindən milli ədavət və düşmənçilik niyyəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının qəsdən öldürülmələri və qəsdən öldürməyə cəhd faktlarına görə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü, 29,120.2.7-ci, 29,120.2.12-ci, 120.2.7-ci və 120.2.12-ci maddələri ilə başlanmış cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupunun üzvləri xidməti vəzifələrini gərgin şəraitdə, yüksək peşəkarlıqla yerinə yetirərək qısa müddət ərzində çoxsaylı istintaq hərəkətlərinin icrasını vaxtında təmin ediblər. Hazırda həmin cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Kollegiyada görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.
Kollegiyada hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunub. Vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 9 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
Kollegiyada Tərtər hərbi prokuroru Fuad Məmmədov, Qazax hərbi prokuroru Şahin Zamanov, Füzuli hərbi prokuroru Natiq Həsənov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.
Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiyaya yekun vuraraq deyib ki, hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.