"Sülh müqaviləsi üzrə danışıqlar prosesinin baş tutmasını pozmaq, götürdükləri öhdəlikləri yerinə yetirməmək, qeyri-səmimilik, təxribat törətmək Ermənistanın hərbi-siyasi rəhbərliyinin köhnə siyasətidir. Amma bu siyasətin axırı yoxdur".
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədri belə təxribatlardan birinin ötən gün baş verdiyini xatırladıb:
"Ötən gecə təxribatlar daha geniş şəkil aldı. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə silahlı qüvvələrimizin şəxsi heyəti arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısı alınıb və Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması istiqamətində Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb".
Deputatın sözlərinə görə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Ordumuzun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı:
"Azərbaycan Ermənistana təxribatlarından əl çəkməsinə görə dəfələrlə xəbərdarlıq etmişdi. Onlar bilməlidirlər ki, ölkəmizə qarşı istənilən təxribatın cavabı ağır olacaq. Avqustun əvvəlində “Qisas” əməliyyatı zamanı da Ermənistana dərs verildi. Amma görünür, bu da Ermənistana bəs etmədi. Brüssel görüşündən sonra Ermənistan sülhə daha çox yaxınlaşmaq əvəzinə təxribata əl atdı. Halbuki Brüssel razılaşmasına görə Ermənistan humanitar məsələlər üzrə götürdüyü öhdəlikləri yerinə yetirməli idi. Amma biz əksini gördük. Qarşı tərəf bir qədər də azğınlaşaraq, daha genişmiqyaslı təxribatlar törətdi. Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirərək, vəziyyəti daha da gərginləşdirdi. Azərbaycan ərazilərində neçə gündür təxribatları davam etdirməklə rəsmi İrəvan regionda təcavüzkar və işğalçı olduğunu bir daha təsdiqləyir. Təxribat davam etdikcə qisas da daha sərt şəkildə davam edəcək. Ermənistanın qeyri-qanuni silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ İqtisadi Zonasında mövcudluğu heç bir halda qəbul edilə bilməz. 10 noyabr 2020-ci il bəyanatında da qeyd olunduğu kimi, bu qanunsuz birləşmələr Azərbaycan ərazilərindən çıxmalıdır”.
Z.Əsgərov qeyd edib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi ikiüzlü siyasətindən əl çəkməli, qəsdən regionda vəziyyəti gərginləşdirməməli, sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmamalı, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirməlidir:
"Hesab edirəm ki, Ermənistanın bütün hərbçiləri Azərbaycan ərazisindən çıxarılmalı, Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zona yaradılmalıdır. Bununla da Ermənistan sülhə məcbur edilməlidir. Çünki erməni revanşizminin baş qaldırmasına imkan vermək olmaz".