Hələ Birinci Qarabağ Müharibəsində Füzuli rayonunda yerləşən Məngələnata yüksəkliyi strateji əhəmiyyətə malik olub.
Bunu "Report"un Füzuliyə ezam olunmuş əməkdaşına rayonun işğaldan azad olunmasının dördüncü ildönümü ilə əlaqədar təşkil olunmuş mediaturda hərbi jurnalist Teymur Zahidoğlu deyib.
O bildirib ki, Məngələnata yüksəkliyinin Ermənistan silahlı birləşmələrindən azad olunması digər rayonlarda və yüksəkliklərdə də işğala son qoyulmasına zəmin yaradıb.
"Birinci Qarabağ Müharibəsində düşmən bu yüksəkliyi ələ keçirməklə Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarına da hücumları intensivləşdirib. Onlar həmin vaxt yüksəkliyi ələ keçirsə də, Azərbaycan Ordusu 1993-cü ilin aprelində onu geri alıb. Atəşkəs imzalanana qədər Füzuli şəhərinin təkrar işğal olunması yüksəkliyin yenidən qarşı tərəfin nəzarətinə keçməsinə səbəb olub".
T.Zahidoğlu qeyd edib ki, İkinci Qarabağ Müharibəsində də yüksəklik strateji əhəmiyyətə malik idi.
"Məngələnata dağı Ermənistan silahlı birləşmələrindən təmizləndikdən sonra bu yüksəkliyin orduya qazandırdığı üstünlük nəticəsində Füzuli ilə həmsərhəd olan rayonlar, eləcə də digər yüksəkliklər işğaldan azad olundu", - deyə o bildirib.
Hərbi ekspert Azər Bayramov isə deyib ki, düşmən "Ohanyan" səddi yarıldıqdan sonra Azərbaycan Ordusunun hücumunu Füzuli istiqamətində gözləyirdi:
"Amma ordmuzun həyata keçirdiyi bir çox əməliyyat var idi ki, onlar bunu təxmin edə bilməmişdilər. Sözügedən istiqamətdə yeddiyə yaxın mühəndis xətti var idi. Həmin xətlərin yarılması düşməni geri çəkilməyə məcbur etmişdi. Füzulinin işğaldan azad olunmasında Hadrut əməliyyatının müstəsna rolu olub. Bundan sonra "Üç yol" adlanan Cəbrayıl-Hadrut-Füzuli yolunun kəsişməsi də Azərbaycan Ordusunun nəzarətinə keçdi. Həmin yol düşmənin Füzulidə yerləşən qüvvələrinə təminat çatdırmaq üçün istifadə olunurdu".
Hərbi ekspert vurğulayıb ki, daha sonra Azərbaycan Ordusu Füzuli rayonunda yerləşən yüksəkliklərin, eləcə də Məngələnata yüksəkliyinin azad olunması üçün əməliyyatlara başlayıb. O bildirib ki, Xocavənd və Xankəndi şəhərlərini əllərində saxlamaq üçün Füzuli erməni silahlı dəstələri üçün əhəmiyyətli idi.
"Onlar Füzulini bufer zona kimi istifadə etməyə çalışırdılar, ona görə də bütün qüvvələrini bu istiqamətdə cəmləşdirmişdilər. Ancaq buna baxmayaraq, Azərbaycan Ordusu onların düşünmədiyi istiqamətdə hücuma keçdi. Düşmən bu hücumun qarşısında tab gətirə bilmədi. Həmin əməliyyatlardan sonra Ermənistan ordusunda ruh düşkünlüyü yarandı və fərarilik artdı", - deyə hərbi ekspert bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağ və ətraf rayonlarda başlatdığı əks-hücum əməliyyatı ilə start götürən Vətən müharibəsi nəticəsində oktyabrın 17-də Füzuli şəhəri Ermənistanın işğalından azad edilib.