Hərbçilər əlillərə və müharibə veteranlarına baş çəkiblər
- 02 may, 2020
- 07:37
Azərbaycanda sistemli ordu quruculuğu ilə yanaşı, Vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı da göstərilir.
"Report" xəbər verir ki, bu gün Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyət, o cümlədən müharibə əlilləri müharibə veteranları və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir.
Bundan başqa, müharibə əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı nümunəvi xarakter daşıyır. Bu kateqoriyadan olan insanların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır.
Azərbaycan dövlətinin təhlükəsizliyinin əsas təminatçısı olan Azərbaycan Ordusunun şəxsi heyəti də daim şəhid ailələri və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərir. Hər il mütəmadi şəkildə bir vaxtlar döyüş tapşırığı yerinə yetirən, qəhrəmancasına döyüşərək yaralanıb əlil olan insanlarla hazırda səngərdə vətən keşiyində duran əsgərlər arasında tez-tez görüşlər baş tutur.
Eyni zamanda koronavirus infeksiyasının geniş yayıldığı indiki dövrdə Müdafiə nazirinin göstərişinə əsasən hərbi qulluqçular tərəfindən aidiyyəti şəxslərə və ailələrə ünvanlı yardımların çatdırılır. Demək olar ki, Azərbaycanın bütün bölgələrində yaşayan şəhid ailələri, müharibə veteranları, əlil və bəzi imkansız ailələrə zəruri ərzaq məhsulları təqdim edilir.
Görüşlərdə əlil və müharibə veteranları ölkə rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edirlər. Bildirirlər ki, ölkəmizin iqtisadi yüksəlişinin, vətəndaşların firavan yaşamasının əsasında uğurlu dövlət siyasəti dayanır. “Sözün həqiqi mənasında Azərbaycan müstəqillik yollarında inamla irəliləyir. Azərbaycan Ordusu bu gün dünyanın güclü orduları sırasında yer alıb. Hərbi qulluqçuların sosial müdafiəsi istiqamətində mühüm irəliləyişlər var. Şəhid ailələrinə, müharibədə sağlamlığını itirən döyüşçülərə, həmçinin müharibə veteranlarına dövlət qayğısı yüksək səviyyədədir.