Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərində təntənəli mərasim keçirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulu Zeki Öztürk, şəhər sakinləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri ifa olunub.
Mərasimdə çıxış edənlər şəhidlərə ehtiramlarını bildirib və xalqlarımızın sarsılmaz birliyindən iftixarla danışaraq 102 il öncə Azərbaycan və türk əsgərlərinin Bakını işğaldan azad edərək Azərbaycan tarixinə şanlı səhifə yazdığından söhbət açıblar.
Tədbirdə vurğulanıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra dinamik inkişaf mərhələsi keçərək güclü və qüdrətli dövlətə çevrilib. Azərbaycan-Türkiyə qardaşlığı bu gün də ən yüksək səviyyədədir və bu dostluq, qardaşlıq sarsılmazdır, əbədidir. Biz bu günkü xoşbəxt, firavan həyat üçün həyatlarını Vətən, xalq yolunda qurban verən qəhrəman şəhidlərimizə borcluyuq. Böyük Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır”, ulu öndər Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” kəlamları bizim dostluğumuzun, qardaşlığımızın mənasını, məzmununu təşkil edir. Bu münasibətlər Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən bu gün də inamla, uğurla davam etdirilir.
Təntənəli mərasim Gəncə Qarnizonu Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin təqdim etdiyi konsert proqramı ilə başa çatıb.